Səfir Tamerlan Qarayev Sinqapurun xarici işlər naziri ilə görüşüb - FOTO

Səfir Tamerlan Qarayev Sinqapurun xarici işlər naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 27 fevral 2012 10:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının İndoneziya, eyni zamanda Filippin, Timor-Leste və Sinqapurda akkreditə olunmuş səfiri Tamerlan Qarayev Sinqapurun xarici işlər naziri K. Şanmuqam ilə görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, T. Qarayev Azərbaycan tərəfinin Sinqapurla münasibətlərin inkişafında və iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycan hökuməti tərəfindən region ölkələri ilə iqtisadi əlaqələrin fəallaşdırılmasının və bunun məhz Sinqapur vasitəsilə həyata keçirilməsinin arzulandığını söyləyib.

K. Şanmuqam Sinqapurun Azərbaycanla hər zaman əməkdaşlığa hazır olduğunu və Sinqapurun da Cənubi Qafqaz regionunda əsas fəaliyyətinin Azərbaycanda cəmləşdiyini deyib. Nazir Sinqapurda Azərbaycan Dövlət Neft Şirkətinin ticarət nümayəndəliyinin və Sinqapurun ən böyük şirkəti olan “Kettel” şirkətinin Bakıda nümayəndəliyinin fəaliyyət göstərdiyini qeyd edib.

Sonra səfir ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq həmsöhbətini Azərbaycana səfərə dəvət edib. T. Qarayev Azərbaycan və Sinqapur xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair təklif də irəli sürüb. Nazir dəvətini qəbul edib.

T. Qarayev Azərbaycanla Sinqapur arasında parlamentlərarası dostluq qrupunun, o cümlədən hökumətlərarası iqtisadi komissiyanın yaradılması üzrə birgə işlərin aparılmasını da istəyib. Nazir bu təklifi də məmnuniyyətlə qarşılayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR