«Lufthansa»: Təyyarə bələdçilərinin tətil keçirməsi Frankfurt-Bakı-Frankfurt aviareysinə təsir etməyib

«Lufthansa»: Təyyarə bələdçilərinin tətil keçirməsi Frankfurt-Bakı-Frankfurt aviareysinə təsir etməyib
# 04 sentyabr 2012 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Lufthansa» aviaşirkəti təyyarə bələdçilərinin tətil keçirilməsi ilə əlaqədar 300-ə yaxın daxili aviareysi təxirə salıb.

«APA-Economics»in aviaşirkətin rəsmi veb-saytına istinadən xəbərinə görə, təyyarə bələdçiləri Berlin, Frankfurt və Münhendə tətil elan edib. Berlinin Teqel hava limanında tətil yerli vaxtla saat 5:00-dan 13:00-dək, Frankfurtda saat 6:00-dan 14:00-dək, Münhendə isə saat 13:0-dan 00:00-dək keçirilir.

Tətillərin bu cür qrafiki Almaniyada aviaəlaqəni 12 saatdan artıq iflic vəziyyətə sala bilər. Belə ki, təyyarələrin havaya qalxması səbəbindən hava limanına enən təyyarələrin saxlanması üçün yer çatışmayacaq. Aviareyslər üzrə ləngimələr çərşənbə günü axşam saatlarınadək davam edə bilər.

Bundan başqa, tətillə əlaqədar Frankfurt-Sankt-Peterburq-Frankfurt aviareysi də təxirə salınıb. «Lufthansa» aviaşirkəti bir sıra daxili aviareyslə uçan sərnişinlərə aviabiletləri dəmir yolu biletləri ilə əvəz edib.

Təyyarə bələdçilərinin tətilini təşkil edən «Ufo» həmkarlar ittifaqı «Lufthansa»nın təyyarə bələdçilərinin tələbini yerinə yetirməyəcəyi təqdirdə, müddətsiz tətillərin keçiriləcəyini bildirib.

«Lufthansa»nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən tətillər Frankfurt-Bakı-Frankfurt aviareysinin yerinə yetirilməsinə təsir etməyib: «Biz cədvələ uyğun olaraq hər həftənin I, III, IV və VII günləri saat 4:00-da Bakıdan Frankfurta aviareyslərimizi yerinə yetiririk».

Qeyd edək ki, «Lufthansa»nın təyyarə bələdçiləri aylıq əmək haqlarının 5% artmasını tələb edir. Bu tələb şirkətin 19 min əməkdaşını əhatə edir. Lakin hələlik həmkarlar ittifaqı ilə aviaşirkət rəsmiləri arasında aparılan danışıqlar heç bir nəticə verməyib.

Xatırladaq ki, dünya maliyyə böhranı fonunda «Lufthansa» investisiyalarını azaltmaq və 3,5 min əməkdaşını ixtisar etməklə, növbəti 3 il ərzində 1,5 mlrd. avroya qənaət etmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR