Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Portuqaliyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Portuqaliyanın xarici işlər nazirini qəbul edib
# 27 iyun 2012 11:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Portuqaliyanın xarici işlər naziri Paulo Portasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Portuqaliyanın xarici işlər naziri Paulo Portasın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev qonağın ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına və bu səfərin əməkdaşlığımızın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yaxşı imkan yaradacağına əminliyini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlığı inkişaf etdirmək, güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Xarici işlər naziri Paulo Portas Portuqaliya prezidenti Anibal Kavaku Silvanın salamlarını dövlət başçısına çatdırıb. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Portuqaliyanın xarici işlər naziri ölkələrimizin BMT Təhlükəsizlik Şurasında əməkdaşlığının önəmini qeyd edib. O, yaxın gələcəkdə Portuqaliyanın Azərbaycanda səfirliyinin açılacağını bildirib.
Paulo Portas ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropa Birliyi ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı prezident Anibal Kavaku Silvanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Portuqaliya dövlətinin başçısına çatdırmağı xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR