Orxan Kərimovun və digərlərinin məhkəmə prosesi davam etdirilib

Orxan Kərimovun və digərlərinin məhkəmə prosesi davam etdirilib
# 19 oktyabr 2012 13:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Orxan Kərimovun vəkili Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə şahid Şəmsəddin Hüseynov ifadə verib. O, ifadəsində göstərib ki, təqsirləndirilən Rafiq Hüseynov ona özünü Təhsil Nazirliyinin yüksək vəzifəli əməkdaşı kimi təqdim edib: “Bizi bir nəfər tanış etmişdi. Bir gün Rafiq Hüseynovla görüşəndə bildirdi ki, Təhsil Nazirliyinin maliyyə şöbəsində yüksək vəzifəyə təyin olunub. Biz də getdik restorana bu münasibət ilə ona qonaqlıq verdim”. Daha sonra prosesdə digər şahidlər ifadə verib.

Proses oktyabrın 23-də davam etdiriləcək.

Xatırladaq ki, O.Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR