Azərbaycanda istehlak kreditləşməsi 28% artıb

Azərbaycanda istehlak kreditləşməsi 28% artıb
# 29 iyun 2012 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin (istehlak kreditləri) həcmi 2012-ci mayın 1-nə 3,623 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin mayın 1-nə nisbətən 790 mln. manat və ya 27,9% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən istehlak kreditlərinin həcmi 308 mln. manat və ya 9,3%, o cümlədən apreldə 98,7 mln. manat və ya 2,8% artıb.

Son illərin təhlili göstərir ki, 2009-cu il istisna olmaqla bütün dövrlərdə istehlak kreditlərinin artması baş verib. Həmin il isə maliyyə böhranı nəticəsində Azərbaycan banklarında müvəqqəti likvidlik çatışmazlığı yaranıb və banklar kreditləşməyə daha ehtiyatla yanaşmağa üstünlük verib ki, bu da özünü ilk növbədə istehlak kreditlərinin azalmasında büruzə verib. Sonrakı dövrlərdə banklar istehlak kreditləşməsində fəaliyyətini bərpa edib və hazırda artım tendensiyası davam edir.

Qeyd edək ki, hazırda istehlak kreditlərinin bankların məcmu kredit portfelində xüsusi çəkisi 34,6%-ə bərabərdir və bu göstərici ilə istehlak kreditləri ümumi kredit portfelində birinci yerinə malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR