Moskvada Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

Moskvada Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib - <font color=red>FOTO</font>
# 24 may 2012 14:18 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsinə həsr olunan mətbuat konfransı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında M. Maqomayev adına fondun sədri, SSRİ xalq artisti Tamara Sinyavskaya, M. Maqomayev mədəni irsi fondunun təsisçisi, “Crocus holdinq”in prezidenti Araz Ağalarov, Moskva musiqili teatrının – “Qelikon opera”nın rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman və İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman iştirak ediblər.

Tamara Sinyavskaya bu müsabiqənin iki il bundan qabaq Müslüm Maqomayevin şərəfinə təsis olunduğunu söyləyib. Müsabiqənin şərtlərindən danışan T. Sinyavskaya bildirib ki, müsabiqəyə xüsusi musiqi təhsilinə malik olan 24-35 yaşlarında peşəkar ifaçılar qatıla bilərlər: “İştirakçılar həm klassik, həm də estrada mahnılarından ibarət repertuarı yerinə yetirməlidirlər. Müsabiqənin unikallığı da məhz bundadır. Çünki həm opera, həm də estrada janrında yaxşı çıxış etmək vokalçı üçün çətin tapşırıqdır. Müsabiqə iki turdan ibarət olacaq. İlk tur dünya musiqi xəzinəsinə çevrilən klassik və estrada mahnılarına həsr edilib. İkinci turda isə ifaçılar Müslüm Maqomayevin repertuarından ölməz mahnıları səsləndirəcəklər”.

T. Sinyavskaya İtaliya və Kanadadan müsabiqə iştirakçılarının konsertinin keçirilməsi üçün təklif aldıqlarını söyləyib: “Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsi Bakıda da keçirilə bilər”.

Araz Ağalarov çıxışında müsabiqəyə qatılmaq üçün 18 ölkədən 207 nəfərin müraciət etdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ, Qazaxıstan, Cənubi Koreya, Ukrayna, Özbəkistan və başqa ölkələrin təmsilçiləri bu müsabiqədə iştirak edəcəklər: “Müsabiqənin qalibləri pul mükafatları ilə təltif olunacaq. Birinci yerin sahibi 20 min, 2-ci yerin sahibi 10 min, üçün yerin sahibi isə 5 min ABŞ dolları pul mükafatına layiq görüləcək”.

Dmitri Bertman çıxışında müsabiqənin münsiflər heyətində təmsil olunmaqdan məmnun olduğunu söyləyib.

Qeyd edək ki, görkəmli sənətkarın anadan olmasının 70 illiyinə həsr ediləcək müsabiqə 2012-ci il oktyabrın 20-21-də Moskvanın “Krokus City Hall” konsert salonunda baş tutacaq. Müsabiqə Müslüm Maqomayevin mədəni-musiqi irsi fondunun təşkilatçılığı ilə həyata keçirilir. Festivalın münsiflər heyətinə SSRİ xalq artisti, Böyük Teatrın solisti, professor Tamara Sinyavskaya sədrlik edir.

Bu silsilədən ilk festival 2010-cu ildə keçirilib. Burada 6 ölkədən 14 iştirakçı təmsil olunub. Münsiflər heyətinin fəxri kürsüsündə Tamara Sinyavskaya ilə yanaşı, Böyük Teatrın solisti, SSRİ xalq artisti, professor Yelena Obrazçova, Rusiya və Gürcüstanın xalq artisti, bəstəkar və müğənni Tamara Qverdtsiteli, Rusiyanın xalq artisti, professor Yuri Başmet, Rusiyanın xalq artisti, bəstəkar Aleksey Rıbnikov, bəstəkar Mişel Leqran, SSRİ xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli təmsil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR