YAP İdarə Heyətinin iclası keçirilib

YAP İdarə Heyətinin iclası keçirilib
# 12 oktyabr 2012 13:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakı şəhərində keçiriləcək VII Baş Assambleyasına hazırlıqla əlaqədar görüləcək tədbirlər haqqında məsələlər daxil edilib.

YAP-ın sədr müavini - İcra katibi Əli Əhmədov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib, partiyanın 20-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq rayon (şəhər) təşkilatlarında silsilə tədbirlərin keçirildiyini, partiyanın yubileyinə həsr olunmuş yüksək bədii tərtibatlı kitabın nəşr olunması və digər məsələləri İdarə Heyəti üzvlərinin diqqətinə çatdırıb.

Gündəlikdə duran digər məsələ noyabrın 21-də İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçiriləcək iclasının yüksək səviyyədə təşkili məsələlərinə həsr olunub. Belə mötəbər forumun Azərbaycanda keçirilməsi YAP-ın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilib. Qeyd olunub ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir.

İdarə Heyəti gündəlikdə duran hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul edib.

Daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.

YAP icra katibinin müavini Mübariz Qurbanlı APA-ya açıqlamasında toplantıda Gülər Əhmədova ilə bağlı müzakirələrin aparılmadığını bildirib. “Gülər Əhmədova sıravi üzv olduğu üçün onunla bağlı müzakirə olmadı. Onunla bağlı ilk təşkilat - rayon təşkilatı müzakirə apararaq, qərar verəcək”, - deyə M. Qurbanlı qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR