Nuşirəvan Məhərrəmli: “Qanuna əsasən, seriallara qoyulan qadağa iki seriyadan artıq bütün filmlərə tətbiq edilə bilər” - MÜSAHİBƏ

Nuşirəvan Məhərrəmli: “Qanuna əsasən, seriallara qoyulan qadağa iki seriyadan artıq bütün filmlərə tətbiq edilə bilər” - <font color=red>MÜSAHİBƏ</font>
# 18 may 2012 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi

- Milli Teleradio Şurasının Azərbaycan telekanallarında xarici serialların yayımının mayın 1-dən dayandırılması haqqında qərarından sonra telekanallarda durum necədir?

- Mayın 1-dən əcnəbi serialların yayımı dayandırılıb. Bu, birmənalı şəkildə həyata keçirildi. Təbii ki, gözlədiyimiz nəticəni qısa müddətdə əldə etməyi düşünmürük, çünki bu o qədər də asan məsələ deyil. Amma asta-asta telekanalların efirlərində milli seriallar görünməyə başlayır. Biz bu yola çıxdıq. Bu serialların keyfiyyətli olub-olmadığını zaman göstərəcək. Bəziləri bizi günahlandırırdılar ki, bunun üçün müəyyən qədər hazırlıq görülməli idi. Amma mən onlara bildirmək istəyirəm ki, bu hazırlığı çoxdan görmüşük. Hələ bir il əvvəl telekanallara hazırlıq görmək üçün tövsiyələrimizi verdik. Əcnəbi serialların milli seriallarla əvəz olunması mühüm məsələdir. Bu, dövlətin yerli istehsalı stimullaşdırmaq, yeni nəslin Azərbaycanın milli-mənəvi dəyərləri ruhunda tərbiyə olunması, yerli aktyor təbəqəsinin, rejissorların, ssenari müəlliflərinin yeni işlə təmin olunması üçün atdığı addımdır. Bu sahədə irəliləyiş olacaq. Biz qorxmamalıyıq. Əgər Türkiyə, Avropa təcrübəsinə baxsaq, 10 il əvvəl onların da teleserial sahəsində axsamaları vardı. İndiki kimi keyfiyyətli seriallar ortaya qoya bilmirdilər. İnanıram ki, biz də bir neçə ildən sonra keyfiyyətli seriallar ortaya qoya biləcəyik.

- MTRŞ-nın qərarını pozan “Space” telekanalına qarşı sərt tədbir görüləcəyini bildirsəniz də, nədənsə bu qərar çox yumşaq oldu...

- O zaman mən Cenevrədə rəsmi səfərdə idim. Qayıdandan sonra bu məsələni araşdırdım. Bu halı normal qarşılamadıq. Doğrusu, bunu “Space”dən gözləmirdik. Amma sonra “Space” rəhbərliyi bunun qanun pozuntusu olduğunu bilmədiyini etiraf etdi və həmin an verilişi dayandırdı. Yayımı dayandırılan filmdən 16 dəqiqə fraqment vermişdilər. Biz də bu izahatı qəbul etdik və sərt tədbir olmadı. Əgər kanal bizim fikirlərimizə hörmətlə yanaşmasaydı və həmin yayım dayandırılmasaydı, onda tədbirlər çox ağır ola bilərdi. Ümumiyyətlə, biz fikirləşirik ki, telekanallar “Teleradio yayımı haqqında” qanuna tam əməl etməlidirlər.

- Xarici serialların yayımının dayandırılması ilə bağlı qərar təkcə telekanallar tərəfindən deyil, ictimaiyyət tərəfindən də narazılıqla qarşılandı. Bu qərarın verilməsini zəruri edən nə idi? İctimaiyyətin bununla bağlı mövqeyi niyə nəzərə alınmadı?

- Bu qərarı verməklə biz insanlara problem yaratmadıq. Çünki artıq insanlara seçim vermişdik. Azərbaycanda insanların istər Türkiyə, istər Rusiya kanallarına sərbəst baxmaq imkanı var. Kim istəyirsə, o seriallara orijinal dilində baxa bilər. Biz bu tələbi milli yayımçılar üçün qoyduq. İstənilən insan Azərbaycan kanalını açanda, orada azərbaycançılıqdan bir şey görmürsə, bu, qeyri-normaldır. O kanalı açarkən orda ilk əvvəl azərbaycançılıq görünməlidir. Hər bir kanala milli yayımçı statusu verilisə, o, “mili” sözü özünü göstərməlidir.

- Olmazdımı ki, yerli telekanallar daha keyfiyyətli seriallar çəksin, tamaşaçılar da bu seriallara üstünlük versinlər, xarici serialllar da təbii yolla sıradan çıxsın?

- Teleradio Şurası hər şeyin qanunauyğun olmasını əsas götürür. Bəzən bizi günahlandıranlar da var ki, bu işə qarışmamalıyıq, MTRŞ-nın qərarı doğru deyil. MTRŞ teleradio yayımı sahəsində dövlət siyasətini müəyyənləşdirən orqandır. Biz kiçik, xırda məsələlərlə məşğul olmuruq. Bizimki ümumi istiqamətlərin müəyyən olunmasıdır. Artıq gördük ki, Azərbaycanda bu sahə demək olar ki, yox dərəcəsindədir və efirdə xarici seriallar üstünlük təşkil edir, əhali ancaq bununla oturub-durur, artıq bu seriallar əhalinin həyat tərzinə çevrilir. Ona görə də belə qərar vermək məcburiyyətində qaldıq. Bu, təkcə bizim sahə ilə bağlı deyil. Bəzən taxıl istehsalını stimullaşdırmaq üçün ölkəyə taxıl idxalını qadağan edirlər. Təbii ki, bu tədbirlər insanlar tərəfindən razılıqla qarşılanmaya bilər. Amma dövlətin siyasəti baxımından bunlar doğru qərarlardır. Ola bilsin ki, bir neçə ildən sonra bu problem ortadan çıxsın, biz də bu növ qadağanı aradan qaldıraq.

- Yəni yenidən xarici seriallara icazə verilə bilər?

- Əgər bizdə kifayət qədər yerli serial istehsal olunacaqsa, bu sahədə hər hansı boşluq yaranmayacaqsa, təbii ki, biz bu sahədə dünya praktikası necədirsə, ondan istifadə edəcəyik. Xarici serialların qayıtmasından söhbət getmir. Demək istəyirəm ki, bu sahədə tələblərimiz daha belə sərt olmaz. Əvvəllər bizim televiziya kanallarında 20-yə yaxın türk serialı göstərilirdi. Bundan əlavə, bizdə hər kəs evində Türkiyə kanallarına baxa bilir. Belə olan halda Azərbaycanda milli istehsal sıfıra düşməsin, neynəsin? Axı onun üçün bazar yoxdur. Biz bu bazarı yaratdıq. Ona görə də artıq keyfiyyətli seriallar tələb edirik. Kanallar reytinqlə bağlı məsələni ortaya qoyandan sonra hökmən bu sahədə bir-biri ilə rəqabət aparacaqlar. Artıq reytinqli xarici serialları alıb göstərməkdə yox, Azərbaycanda istehsal oluan yüksək keyfiyyətli seriallar çəkmədə maraqlı olacaqlar. Artıq onlar prodakşnlarla işləyəcəklər. Təbii ki, seriallar reytinq gətirməyəcəksə, yeni adamlarla işləməyə məcbur olacaqlar və tədricən keyfiyyət məsələsi ortaya çıxacaq. Biz bunu gözləyirik.

- Belə fikirlər var ki, MTRŞ bununla sovet dönəmində olduğu kimi ancaq yerli istehsalın tərəfdarıdır. Bu qərar onsuz da tamaşaçı sayı az olan Azərbaycan telekanallarının tamaşaçı qıtlığı ilə üzləşməsinə səbəb olmayacaq ki?

- Bunu o zaman deyərdilər ki, bizim xarici telekanallara çıxış imkanlarımız olmasın. Amma bizim bütün insanların xarici telekanallara çıxış imkanları var. Biz bunu ancaq yerli yayımçılardan istəyirik. Bizim evimizdə də türk və ya rus seriallarına baxırlar. Bu,
normal haldır. Amma Azərbaycanın milli yayımında onların göstərdiyini təkrar göstərmək doğru deyil. Buna görə də Şura belə qərarlar verir. Bu qərarlar xüsusi, böyük qərarlardır. Xarici televiziya kanallarının, xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması, Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması, seriallarla bağlı qərarlar mühüm, ölkənin bütün insanlarının maraqlarına uyğun gələn qərarlardır. Tamaşaçı qıtlığına gəlincə, mən belə hesab etmirəm. Bu məsələni bəzən həddən artıq şişirdirlər. Bizim kabel, internet və peyk antenaları vasitəsilə dünyanın istənilən yerinə çıxış imkanımız var. Əgər əvvəllər 10-15 telekanala baxa bilirdiksə, indi minlərlə kanala baxırıq. Bizim imkanlar artdıqca, bu verilişlərə ayırdığımız vaxt da o imkanlar çərçivəsində bölünür. Azərbaycanda türk, rus və ingilis dilli auditoriyalar yaranıb. Bazara çıxıb özümüzə paltar alarkən birimiz italyan, birimiz alman mağazasına giririk, əgər yerli mal yoxdursa, onların keyfiyyəti aşağıdırsa, biz gedib onları alırıq. Amma biz o yerli malları istehsal etməliyik. Ola bilsin ki, indi müəyyən qədər keyfiyyətsizdir, amma biz onu keyfiyyətli etmək üçün çalışmalıyıq. Hesab edirəm ki, çəkiləcək serialların içərisində bir neçəsi yaddaqalan seriallar olacaq.

- Azərbaycanda dublyaj olunmuş xarici filmlərin nümayişinin dayandırılması da gözlənilirmi?

- Bizim qərarımız yalnız televiziya seriallarına aiddir. Sənədli filmlərə, bədii filmlərə aid deyil. Bəzən bununla bağlı mübahisələr də olur. Bəzən deyirlər ki, elə seriallar var ki, məsələn, “Çalıquşu” kimi 5 seriyalıdır, yaxud “Baharın 17 anı”. Belə filmlər çoxdur. Burda hansısa kriteriya seçmək lazımdır. Təbii ki, kriteriya vahid serial adına nə düşürsə, onu qadağan etməkdir. 2 seriyadan artıq olan filmlərin hamısı bu qadağaya uyğun gəlir. Yəni onlar göstərilməməlidir. Şəxsən mən bu qadağanın tərəfdarı deyiləm. 4-5 seriyalı elə bədii filmlər var ki, onu normal qarşılamaq olar. Amma qanun qanundur, onu pozmaq olmaz. 2 seriyadan artıq filmlər artıq serial sayılır. Bu işdə məsələni kəskinləşdirməyin də tərəfdarı deyiləm. Elə seriallar var ki, artıq insanlar tərəfindən qəbul olunub. Xüsusən də Böyük Vətən Müharibəsi haqqında bir neçə seriyadan ibarət filmlər var ki, insanlar onu serial kimi qəbul etmirlər. Belə halda bəzən yumşaq rəftar etmək olar. Bu, şəxsi qənaətimdir. Amma qanun tələb edir ki, 2 seriyadan artıq olmaz. Biz başqa yol tapa bilmədik. Müəyyən araşdırmalar apardıq ki, hansı formadasa bunlara icazə verək, amma mümkün olmadı. Elə etsəydik, bu məsələdə qarışıqlıq, xaos yaranardı. Biz də ona gedə bilməzdik.

- Telekanallarda yeni serialların çəkilişi ilə bağlı işlər necə gedir? Serial çəkmək üçün əsərlərin siyahısı telekanallara açıqlana bilərmi?

- Azərbaycan prezidenti milli serialların çəkilişi üçün 5 milyon manat maliyyə vəsaiti ayırdı. Bu, az pul deyil. Biz sanki bu qatarı hərəkətə gətirmək üçün təkan verdik. Bu vəsait xərclənəndən sonra yeni dəstək olacaq. İndi yerli prodakşnlar və seriallar üçün şərait yaranıb, bazar artıq boşalıb. Biz yerli və yüksək keyfiyyətli seriallar ortaya qoymalıyıq. İlkin başlayan hər şeyə ağız büzməməliyik. Bu işə dözümlə yanaşılmalıdır. Telekanallarda rəqabət mühiti, reytinq hər şeyi həll edəcək. Kim yaxşı çəkəcəksə, ona da sifarişlər veriləcək. Yerli prodakşnlar arasında mübarizə gedəcək. Şuraya da prodakşnlar tərəfindən çoxsaylı müraciətlər olur. Amma biz bu serialların efirdə göstərilməsi səbəbi ilə ilk əvvəl televiziyaları seçdik. Prodakşnlara vəsait ayırsaydıq, onlar serial çəksəydi, telekanallar özəl qurum kimi onları göstərməsəydi, həmin filmlər seyfdə yatıb qalsaydı, onda problem yaranardı. Biz indi ilk mərhələdəyik. Bu ilin sonunda serial sahəsi ilə bağlı fikir bildirmək üçün məlumatlarımız olacaq. Hazırda serialların ssenari müəllifləri həddindən artıq cavan yaşda olan insanlardır. Onlar məişət zəminində başlarına gələn hadisələri göstərirlər. Amma biz bu mərhələni keçəcəyik və daha çox professionallarla işləyəcəyik. 90-cı illərin əvvəllərində insanların həyat tərzində “tolkuçka” deyilən anlayış vardı, sonra bu anlayışı yarmarkalar əvəz elədi, indi biz artıq super marketlərdə alış-veriş edirik. Serialların ilkin dövrlərində təbii ki, diletantların sayı çoxdur. Amma bunları aradan çıxarmaq üçün işləmək lazımdır. Hətta ən pis milli serialı belə Latın Amerikası serialından üstün tuturam.

- 2012-ci ildə serial çəkilişlərinə nəzərdə tutulan məbləğin artırılacağını demişdiniz. Serial çəkilişləri ilə bağlı il ərzində daha hansı yeniliklər olacaq?

- Biz hər bir televiziya kanalına 1 milyon dollar vəsait verdik. ATV, “Lider”, İTV və “Xəzər” televiziyasına artıq bu vəsait köçürülüb. ANS-lə “Space” televiziyası ilk olaraq verdiyimiz 300 min manatı xərcləyib qurtarandan sonra onların da hesabına əlavə 500 min manat köçürüləcək. Bu vəsaitlər xərclənəndən sonra yeni maliyyənin ayrılması məsələsinə baxıla bilər. Serialların bir seriyasının çəkilişinə hardasa 5 min manatdan 12 min manatadək vəsait xərclənir. Aktyorların da əmək haqqında artım müşahidə olunur. Vaxt var idi, 200-400 manata baş rolda çəkilənlər indi 1000 manatdan çox əmək haqqı alırlar. Ssenaristlər var ki, bir serial üçün 10-15 min manat əmək haqqı alırlar. Bəzən bizə 20-25 min manatlıq ssenari üçün də smeta dəyəri göstərirlər. Gələcəkdə əsas iş prodakşnların üzərinə düşəcək. Artıq prodakşnlar üçün bazar yaradılıb. Çünki telekanallar onlarla işləməyə məcburdurlar. Çünki efiri boş saxlaya, köhnə materiallarla doldura bilməzlər. Bir-iki dəfə göstərəcəklər, sonra özləri bundan yorulacaqlar.

- Bu il ərzində telekanallarla bağlı MTRŞ-ya nə qədər müraciət daxil olub? Əsas müraciətlər nə ilə bağlıdır?

- Tamaşaçılar daha çox “qaynar xətt”ə müraciət edirlər. Müraciətlər müxtəlif səpkilidir. Daha çox xarici seriallarla, Azərbaycan ədəbi dili, şou xarakterli verilişlərlə bağlı müraciətlərdir. Amma şikayətlərin sayı çox deyil. Başqa ölkələrdə teleradio yayımı sahəsində olan şikayətlərlə bizimkilər arasında fərq çox böyükdür. Azərbaycanda insanlar bu sahədə çox fəal deyillər.

- Televiziyaların monitorinqi daha çox aparılır, amma radiolar və regional kanallar MTRŞ-nın diqqətindən sanki kənarda qalıb...

- Demək olmaz ki, tamamilə kənardadırlar. Onlar seçim vasitəsilə monitorinq edilirlər. Ayrı-ayrı vaxtlarda bizim əməkdaşlar regionlara ezam edilirlər, oradan gətirdikləri disklər vasitəsilə biz onların fəaliyyətinə nəzarət edirik. Monitorinqin formalarından biri də yerli əhalinin şikayətləridir. Regional kanalların monitorinqini aparmaq bir qədər çətindir. Bizim regionlarda mərkəzlərimiz yoxdur. Əvvəl fikirləşirdik ki, bu işi edək, amma çox təəssüf ki, bu, alınmadı. Hökumət bunu məqbul bilmədi. Yaxın vaxtlarda texniki baxımdan bir sıra işlər görəcəyik, bundan sonra internet vasitəsilə regional kanalları monitorinq etmək mümkün olacaq. Radiolarla bağlı problemlər isə fərqlidir. Burada əsas qanun pozuntuları insanların marağına, milli-mənəvi dəyərlərə uyğun olmayan danışıqlar, mövzularla bağlı olur. Fikirləşirik ki, davamlı şəkildə radioların monitorinqini aparaq.

- Efirdə ədəbi dilin qorunması Şuranı qane edirmi?

- Hazırda İTV-də və ANS ÇM-də dil məsələsi ilə bağlı stolumun üstündə arayışlar var. Azərbaycanda bəzi aparıcıların ədəbi dili bilməməsi, səlis, aydın danışıqla bağlı problemlər var, həm də bəzən bizim aparıcılar dəvət etdiyi qonaqlarla Azərbaycan dilində yox, əcnəbi dildə danışırlar. Onu tərcümə etmirlər. Bu da çox kobud səhvdir. Çox təəssüf ki, belə hallar var. Xüsusən də beynəlxalq tədbirlər həyata keçirilən zaman Azərbaycana gələn çoxsaylı əcnəbilərlə ünsiyyət qurarkən bu amildən istifadə edirlər. Bu, qanuna ziddir. Onlar bu danışığı hökmən ya tərcümə, ya da titrlərlə verməlidirlər. Zamanla bunlar aradan qaldırılacaq. Amma Şura bununla bağlı tələblərini daha da sərtləşdirəcək. Ədəbi dilin qorunması ilə bağlı qərar verərkən orda müəyyən istisnalar qoymuşduq. Maarifçilik xarakterli verilişlərdə, beynəlxalq xarakterli tədbirlərdə canlı yayım zamanı bu hallara icazə verilir. Amma bundan sui-istifadə etmək düzgün deyil.

- Daha hansı bölgədə regional kanalların açılması gündəmdədir?

- Yeni regional kanalın açılması mümkündür. Bununla bağlı əvvəllər daha çox iş görürdük, istəyirdik ki, bütün regionlarda yeni kanal olsun. Amma vəziyyəti araşdırandan sonra bu işdə tələsməmək qənaətinə gəldik. Regionlarda həm reklam bazarı, həm kadr potensialı pis vəziyyətdədir. Zəif, problemli kanal yaratmaqdansa, bir qədər mühafizəkarlığı əsas götürdük. Zamanla bu işi həll edəcəyik. Azərbaycanın əksər bölgələrində televiziya kanalları var, yalnız Mərkəzi Aranda yoxdur. Zəruri şərait yarananda orda da edəcəyik. Xüsusən parlament seçkilərində bu zərurəti hiss edirik. Yaxın illərdə bu məsələ həll oluna bilər. Əgər ciddi bir sahibkar ortaya çıxarsa və vəsait qoyarsa, biz bu məsələyə baxa bilərik. Telekanal açmaq istəyən insan maliyyə vəsaitini, bank hesabını ortaya qoymalıdır. Bəzi telekanallar bütün ölkəyə yayımlanmır. Səbəb kimi telekanallar bütün ölkəyə ötürücüləri qoymaq üçün maliyyənin olmamasını göstərirlər. Bu, problem olaraq qalır. Yeni telekanal açmaq istəyən şəxsin ilk növbədə maliyyəsi olmalıdır. Ən azı 10-15 milyon vəsaiti olmalıdır ki, bütün ölkə ərazisinə yayımı həyata keçirsin. Kiminsə 50 min manatı varsa və regional kanal açmaq istəyirsə, təbii ki, biz buna razı ola bilmərik. Bununla bağlı bizim şərtlərimiz daha da sərtləşəcək. Regional kanalların səviyyəsi bizi qane etmir. Regional kanallara maliyyə ayrılması MTRŞ-nın gündəliyindədir. Şuraya növbəti maliyyə yardımı ayrılanda hökmən bu məsələyə baxılacaq. Regional kanalların maddi-texniki bazasını möhkəmlətmək üçün maliyyə ayrıla bilər. Biz qərar vermişik ki, onlar da əcnəbi serial göstərməsinlər. Elə isə onlar hansı serialları göstərməlidirlər? Axı bazarda bu məhsul yoxdur. Bu işə prodakşnları cəlb eləyə bilərik. Telekanalların çəkdikləri seriallar sonradan regional kanallara pulsuz veriləcək. Bununla bağlı bənd müqavilədə əksini tapıb.

- Xəzər Televiziyası Kamal Sunalın filmlərini dublyaj edir. Lakin dublyajda Kamal Sunalın səsi dublyaj olunmur. Bu, nə dərəcədə düzgündür? Ümumiyyətlə, televiziyaların dublyaj siyasəti ilə bağlı MTRŞ-nın hansı qərarları var?

- Dublyajlar indi əvvəlki kimi çox olmayacaq. Əvvəllər seriallara daha çox fikir verirdilər. Özü də çox bərbad formada dublyaj edirdilər, biz də bundan narazılıq edirdik. İndi bunlar azalıb deyə, onlar çalışmalıdırlar ki, az olan bədii filmləri heç oilmasa keyfiyyətli dublyaj etsinlər. Filmləri artıq iki nəfərin səsi ilə səsləndirməsinlər. Kamal Sunal yəqin Azərbaycan dilində danışır, ona görə belə edirlər. Hər halda telekanallarda gərək bu işə ciddi yanaşsınlar. Dublyajın keyfiyyəti ilə ekspertlər məşğul olmalıdır. Azərbaycanda Dilçilik İnstitutu var. Buyursunlar, onlar bunun ekspertizasını aparsınlar. Biz o qərara uyğun telekanallar qarşısında tədbir görək. Ekspert rəyi olmadan dil haqqında fikir söyləməyimiz doğru olmaz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR