Xətai rayonunda yerləşən “Zəkalar” liseyi ilə 88 saylı orta məktəb birləşdirilə bilər

Xətai rayonunda yerləşən “Zəkalar” liseyi ilə 88 saylı orta məktəb birləşdirilə bilər
# 10 sentyabr 2012 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakı şəhərində iki məktəbin yeri dəyişdiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Məhəmməd Bayramov deyib. Onun sözlərinə görə, söhbət Bakının Xətai rayonunun 287 saylı “Zəkalar” liseyi ilə 88 saylı orta məktəbdən gedir: “Problem 287 saylı “Zəkalar” liseyində şagirdlərin sayının çoxluğu ilə əlaqədardır. Bu məktəb üçün yeni binanın inşası ilə əlaqədar olaraq BŞTİ İqtisadi İnkişaf Nazirliyi (İİN) qarşısında məsələ qaldıran zaman təhlil aparılıb. Məlum oldu ki, həmin ərazidə 8 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ümumi şagird tutumu şagirdlərin sayından xeyli artıqdır. Yəni iqtisadi cəhətdən burada yeni tikinti aparmaq səmərəsizdir. Çünki həmin ərazidə şagirdlərin sayı şagird tutumundan 2000 nəfər azdır. Bu səbəbdən İqtisadi İnkişaf Nazirliyi baş nazirə belə bir məktubla müraciət etdi ki, həmin binaların imkanlarından rasional istifadə etmək lazımdır. Yəni şagirdi çox olan məktəbi böyük binaya, şagirdi az olanı isə kiçik binaya köçürmək lazımdır. İqtisadi İnkişaf Nazirliyi belə bir təkliflə çıxış etdi, biz də ona uyğun addımlar atırıq. Hazırda 88 saylı məktəbdə 360 şagird var, məktəbin tutumu isə 1176 nəfərdir. “Zəkalar” liseyində isə 360 yerlik binada 1150 şagird təhsil alır”.

M. Bayramov deyib ki, bu iki məktəbin problemini həll edilməsi üçün başqa variant
da var: ”287 saylı məktəb 88 saylı məktəbə köçə və bu iki məktəb birləşdirilə bilər. Həmin məktəbin statusunu dəyişərək məktəb-lisey yaratmaq da olar. Hazırda bu məktəblərdə təmir işləri gedir. Ona görə də son qərar bir neçə gündən sonra veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR