Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib – FOTO

Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib – <font color=red>FOTO </font>
# 21 sentyabr 2012 16:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın xalq artisti, görkəmli aktyor Hacıbaba Bağırovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib. APA-nın məlumatına görə, Muzey Mərkəzinin foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən foto-sərgi nümayiş etdirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Hacıbaba Bağırovla bağlı xatirələrini bölüşüb. Nazir müavini, aktyorun mükəmməl insan olduğunu, onun rol adlığı hər bir tamaşa və ya filmdə yaddaqalan obraz yaratdığını diqqətə çatdırıb: “Hacıbaba ilə bizim bir çox xatirələrimiz var. O, oynadığı rollarda tamamilə başqa, həyatda isə tamam ayrı insan idi. 70 yaşında atalıq hissi yaşayanda o bütün ürəyi ilə bu hadisəyə sevinirdi. Çox təəssüf edirəm ki, bu cür aktyorları olan bir ölkədə kino sektoru dünyaya yayılmayıb. Bunun səbəbi müasir dövrdə yüksək səviyyəli dramaturji əsərlərin, eləcə də rejissorların beynəlxalq əlaqələrinin olmamasıdır”.

Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, H. Bağırovun Azərbaycan kinosunda öz dəsti-xətti ilə seçilən bir sənətkar olduğunu vurğulayıb: “O, hər bir rolu ilə həm insanların üzünə təbəssüm qondurur, həm də düşündürürdü. Onun hər bir obrazı bu gün istənilən yaşda sevilir və yaddaşlara həkk olunur”.

Kinoşünas Aydın Kazımzadə bildirib ki, 80 illik yubileyi qeyd edilən aktyorun filmdə debütünün “Ulduz” filmindəki Möhsün obrazı ilə olub: ““Aktyor “Qanun naminə” bədii filmində Arif, “Alma almaya bənzər” filmindəki Məmmədəli, “Onun bəlalı sevgisi” bədii filmində Qaraxalov, “Şirbalanın məhəbbəti” kinokomediyasında Şirbala rolu ilə insanların ürəyinə yol tapmağı bacarıb”. Tədbirdə Hacıbaba Bağırovun rol aldığı film və tamaşalardan fraqmentlər də nümayiş etdirilib.

Qeyd edək ki, Hacıbaba Bağırovun 80 illik yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR