Azərbaycanda könüllü avtomobil sığortası bazarı 43% artıb

Azərbaycanda könüllü avtomobil sığortası bazarı 43% artıb
# 24 may 2012 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 16,465 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 43% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avto-qəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə ödənişlərin həcmi 54% artaraq 6,797 mln. manata çatıb.

Bundan başqa, cari ilin yanvar-aprel aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 19,974 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14 dəfə çoxdur. Son bir il ərzində isə icbari avtomobil sığortası üzrə ödənişlər 38% azalaraq 159 min manat təşkil edib.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 14,2%, icbari növün payı isə 17% təşkil edib.

Qeyd edək ki, avtomobil sığortası üzrə daxilolmaların əsas hissəsi «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 81,638 mln. manat, ödənişlərin həcmi isə 16,630 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR