İctimai Palata: Yürüş keçirilməsi məsələsi hələlik müzakirə predmeti kimi qalır

İctimai Palata: Yürüş keçirilməsi məsələsi hələlik müzakirə predmeti kimi qalır
# 10 oktyabr 2012 15:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

İP KŞ-nın üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qərarların icrası, İP-in növbəti sessiyasının çağırılması və digər məsələlər müzakirə olunub.

KŞ İP-in sessiyasının oktyabrın 27-də keçirilməsi, İctimai Palatanın Vahid Seçki Platforması formalaşdırılması üçün Komissiyanın yaradılmasına dair qərar qəbul edib.

İP paytaxt meriyasının yürüş keçirilməsi ilə bağlı müraciətinə verilən cavabı da müzakirə edib. İclasda bildirilib ki, müraciətdə yalnız yürüş keçirilməsi nəzərdə tutulsa da, cavab məktubunda icra hakimiyyəti yürüşün keçirilməsi üçün başqa heç bir marşrut təklif etməyərək təşkilatçılara Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirilməsi təklif edib.

Bu cavab Azərbaycan Respublikası Konstitusiyasına və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa daban-dabana ziddir. İP-in KŞ bu məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi, yəni paytaxt meriyasının hərəkətlərinə dair məhkəməyə müraciət edilməsi ilə bağlı qərar verib. Həmçinin, İctimai Palata yeni parlament seçkilərinin keçirilməsinə israrlı olduğunu və məsələnin daim diqqətdə saxlanacağını da bəyan edib. Təşkilat yürüşün keçirilməsinə israrlı olduğunu, lakin məsələnin hələlik müzakirə predmeti kimi qaldığını da diqqətə çatdırıb.

Ə. Yusubov qeyd edib ki, yürüşlə bağlı məsələ İP KŞ-nın ya növbədənkənar ya da plana uyğun iclaslarının birində müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR