“Tikinti sektorunda peşə təhlükəsizliyi və sağlamlığı” mövzusunda beynəlxalq seminar keçirilir

“Tikinti sektorunda peşə təhlükəsizliyi və sağlamlığı” mövzusunda beynəlxalq seminar keçirilir
# 27 avqust 2012 09:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Əmək Təşkilatının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Tikinti sektorunda peşə təhlükəsizliyi və sağlamlığı” mövzusunda üçgünlük beynəlxalq seminar keçirilir. APA-nın məlumatına görə, seminarın açılışında çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, son dövrlər Azərbaycanda, xüsusən paytaxt Bakıda tikinti işləri geniş vüsət alıb. Lakin bir çox hallarda inşaat şirkətləri tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsi tikintidə qəzalara, yanğınlara, bədbəxt hadisələrə səbəb olur. Bununla yanaşı, bəzi işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamır, nəticədə işçilərin əmək hüquqları pozulur.

C. Alxasov qeyd edib ki, ötən il istehsalatda həlak olan şəxslərin 26,8 faizi inşaat sektoruna aiddir. Bu il isə tikintidə 13 nəfər ölüb. Son 5 ildə həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri 98 sənaye, mədəni və mülki təyinatlı obyektlərin istifadəyə buraxılmasında iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev isə bildirib ki, bu il istehsalatda baş verən bədbəxt hadisələrin ümumi sayı ötənilkinə nisbətən azdır: “Bu, həm də bizim sosial tərəfdaşlarla əməkdaşlığımızın genişlənməsinin nəticəsidir. Bu ilin fevralında nazirliyimiz AHİK və Sahibkarlar və İşəgötürənlər Konfederasiyası ilə birgə sağlam və təhlükəsiz əmək şəraiti üzrə üçtərəfli sosial şura yaradıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR