“Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib

“Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib
# 23 fevral 2012 08:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Vergilər Nazirliyində Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib.

APA-Economics”in xəbərinə görə, QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov korrupsiyaya qarşı mübarizə tədbirləri, bu sahədə vətəndaş cəmiyyətinin iştirakı, şəffaflığın təmin olunmasında informasiya texnologiyalarının rolu, vergi inzibatçılığının təkmilləşdirilməsi üçün görülən işlər və elektron xidmətlərin tətbiqi barədə məlumat verib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda korrupsiyaya qarşı qəbul olunan normativ-hüquqi aktların əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, ölkədə korrupsiyaya qarşı mübarizə üzrə yeni proqram hazırlanır.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədəki rolunu qeyd edib. Bu sahədə o, yeni internet resurslarının yaradılmasının, əhalinin məlumatlılıq səviyyəsinin artırılmasının, maarifləndirmə və məlumatlandırma kampaniyalarının əhəmiyyətini qeyd edib: “Son illər vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin əsas tərəfdaşına çevrilməkdədir və bu sahədə səmərəli nəticələrin əldə olunmasında bu institutların rolu artmaqdadır”.

Vergilər nazirinin müşaviri Günay Cəfərli “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və korrupsiyaya şərait yaradan halların baş verməməsi üçün vergi sistemində müasir texnologiyalardan və beynəlxalq təcrübədən istifadə olunur.

Tədbirdə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, Vergi Apellyasiya Şurasının fəaliyyəti kimi məsələlərə də diqqət yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR