Bakıda üç qardaşı bıçaqlayan şəxslər həbs edilib

Bakıda üç qardaşı bıçaqlayan şəxslər həbs edilib
# 03 mart 2012 16:58 (UTC +04:00)
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, 2012-ci il martın 2-də Qaraçuxur qəsəbəsində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı Orxan Xamıyev qəsdən öldürülüb.

Həmin fakta görə Suraxanı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün saat 17:00 radələrində Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mübahisə baş verib. Emin Mirzəyev mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırıb, bir müddət sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov və Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəliblər. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirib. Eyni zamanda Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıblar. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb, qardaşları Kamran və Fərrux isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Martın 3-də Knyaz Knyazov və Emin Mirzəyev şübhəli şəxs qismində tutulublar. Münaqişədə iştirak etmiş digər şəxslərin də müəyyən olunub istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR