Türkiyədə əmlak alan hər 4 alıcıdan biri Alaniyanı seçir

Türkiyədə əmlak alan hər 4 alıcıdan biri Alaniyanı seçir
# 19 oktyabr 2012 11:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov -APA-Economics. Oktyarın 17-19-da Bakıda keçirilən «BakuBuild-2012» beynəlxalq inşaat sərgisi çərçivəsində tikinti texnologiya və avadanlıqları ilə yanaşı, Azərbaycanda və xarici ölkələrdə əmlak satışı işlə məşğul olan şirkətlər də iştirak edir. Belə şirkətlərdən biri, Türkiyənin «Soysal Group» tikinti investisiya şirkətinin nümayəndəsi xanım Yelena Artsibaşeva açıqlamasında «APA-Economics»ə bildirib ki, bu ilin avqust ayında Türkiyədə «qarşılıqlıq prinsipi»ni ləğv edən yeni qanun qəbul edilib. Qeyd edək ki, adı çəkilən prinsipə görə, Türkiyədə yalnız o ölkələrin vətəndaşları əmlak ala bilərdi ki, Türkiyə vətəndaşları da o ölkədən əmlak ala bilsinlər. Yeni qanuna əsasən isə, bu prinsip ləğv edilib və bir sıra ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak almasına məhdudiyyət ləğv edilib.

Y.Artsibaşevanın sözlərinə görə, qeyri-rəsmi informasiyalara görə, yeni qanunun qəbulundan sonra Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlakın alınmasında böyük fəallıq nümayiş etdirirlər: «Amma nəzərə alsaq ki, daşınmaz əmlakın yeni qaydalarla satışı cəmi 2 ay əvvəl başlayıb, hələlik hansı ölkə vətəndaşlarının nə qədər əmlak alması ilə bağlı dəqiq statistika yoxdur».

Y.Artsibaşeva bildirib ki, ənənəvi olaraq MDB vətəndaşları arasında əmlak alınması üzrə Rusiya vətəndaşları liderlik edir. Səbəbi odur ki, Rusiya vətəndaşları hələ bu qanunun qəbul edilməsindən əvvəl də Türkiyədə əmlak almaq hüququna malik olublar, çünki Türkiyə vətəndaşları da Rusiyada əmlak almaq hüququna malikdir.

Şirkət nümayəndəsi bildirib ki, rusiyalılar adətən Alaniya kurort rayonunda əmlak alırlar. Bu, təmiz çimərliklər və daha əlverişli iqlimlə əlaqədardır: «Burada hava daha az rütubətlidir və buna görə də istiliyə dözmək asandır. Alaniyada ildə 300 günəşli gün olur, kurort mövsümü 10 ay uzanır». Y.Artsibaşeva bildirib ki, Alaniyada əmlakın qiyməti də Türkiyənin bütün Aralıq dənizi sahillərində ən aşağıdır: «Buna görə də Türkiyədə əmlak alan hər 4 nəfərdən biri Alaniyanı seçir», - deyə şirkət nümayəndəsi bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR