“Təmiz şəhər naminə” yay məktəbi keçirilib - FOTO

“Təmiz şəhər naminə” yay məktəbi keçirilib - <font color=red>FOTO</font>
# 10 iyul 2012 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Təbii resursların qənaətlə və səmərəli istifadə edilməsi baxımından tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılması böyük əhəmiyyət kəsb edir.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə cerilən məlumata görə, gənclərin bu sahədə maarifləndirilməsi isə ətraf mühitin mühafizəsi və tullantıların idarəolunması sahəsində davamlı və ardıcıl inkişaf deməkdir.

İyulun 5-10-da “Təmiz şəhər naminə!” devizi altında Şəki şəhərində III Tələbə Yay Məktəbi keçirilib. “Təmiz Şəhər” ASC-nin Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Kampaniyası ilə birgə təşkil etdiyi yay məktəbində iştirak üçün Bakı şəhərinin müxtəlif universitetlərdən 1500-ə yaxın tələbə müraciət etmiş və 60 nəfərə yaxın tələbə iştirak etmək hüququ qazanıb.

III Tələbə Yay Məktəbinin keçirilməsində əsas məqsəd gənclər arasında yaşıl düşüncə tərzinin formalaşdırılması, onların ekologiyanın qorunmasında fəal iştirakını təmin etmək və tullantıların idarəolunması sahəsində aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsi olub.

Yay məktəbi ərzində tələbələr tullantıların idarəolunması sahəsində əsas anlayışlar, tullantı növləri, tullantıların idarəolunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələniblər. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri cəmiyyətin fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarəolunması sahəsindəki irəliləyişlər və planlaşdırılmış layihələr haqqında məlumat veriblər.

Əldə olunan biliklər əsasında iqtisadi və ekoloji təhlükəsizlik, alış-verişin ətraf mühitə təsiri, alış-veriş zamanı ətraf mühitə məsuliyyətli davranış mövzularına dair ictimai müzakirələr formasında mərhələli debat turnirləri təşkil edilmiş, həmçinin gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intelektual oyunlar, viktorinalar keçirilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC 2010-ci ildən etibarən hər il yay məktəbləri keçirir. Sayca 3-cü olan bu məktəb 2010-cu ildə “Ekologiya ili” çərçivəsində Quba şəhərində təşkil olunmuş “Təmiz şəhər naminə” Yeniyetmələr üçün Yay Məktəbinin və 2011-ci ildə Lənkaran şəhərində təşkil olunmuş “Gənclər təmizlik naminə” Tələbələr üçün Yay Məktəbinin davamıdır. Yay məktəbi zamanı tələbələr “yaşıl düşüncə” konsepsiyasını əyani şəkildə tətbiq edərək yalnız təkrar emal olunmuş materiallardan hazırlanmış bloknot və qələmlərdən istifadə ediblər. Yay məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR