Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Ombudsmanı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
# 22 fevral 2012 14:51 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 20 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı iki yüz il davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir: “1988-ci ilin fevralından bu işğalçı dövlətin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışlarına keçmiş sovet rəhbərliyinin heç bir siyasi qiymət verməməsi nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib. 20 mindən çox soydaşımız həlak olub, 50 mindən artıq adam yaralanıb, əlil və şikəst olub, bir çox Azərbaycan hərbçisi əsir düşüb, dinc əhali girov götürülüb. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qalıb, belə ki, bir milyon soydaşımız ağır qaçqın və öz vətənində məcburi köçkün həyatı yaşamaqdadır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir”.
Bəyanatda qeyd olunub ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı zamanı bir neçə saat ərzində adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olub, 1275 nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyil.
Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Ombudsman bildirib ki, beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin yeni bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq, genosid kimi dəyərləndirilməlidir: “Dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan tərəfi haqlıdır, onun ərazisi işğal olunub, Azərbaycana məxsus olan Dağlıq Qarabağ güc yolu ilə onun nəzarətindən çıxarılıb və ölkəmizin ərazi bütövlüyünün bərpasını dəstəkləyir. Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur. İkili standartlara yol vermədən beynəlxalq təşkilatlar məlum münaqişənin həllinə yönəlmiş səylərini beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq daha da artırmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən bu faciə genosid aktı kimi tanınmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad olunmalı, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır”.

Qeyd edək ki, bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR