Qobustan həbsxanasına başçəkmə həyata keçirilib

Qobustan həbsxanasına başçəkmə həyata keçirilib
# 07 noyabr 2012 16:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan həbsxanasına uzunmüddətli (üç tam iş günü) başçəkmə həyata keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmənin məqsədi əvvəlki səfərlər zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin yoxlanılması, məhkumlarla rəftar və şəraitin araşdırılması olub.

Araşdırma zamanı bir sıra tövsiyələrin icra edildiyi müəyyənləşib. Kameraların, pəncərələrin genişləndirildiyi, məhkumlara verilən qidanın keyfiyyətinin artırıldığı aşkarlanıb.

Həbsxanada cəza çəkən 60-dək məhkum fərdi qaydada qəbul edilib. Onlarla konfidensial qaydada söhbətlər aparılıb. Qəbul edilmiş bir sıra ömürlük məhkumlarla söhbət zamanı onlar ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəzlənməsi ilə əlaqədar, barələrində müddətli cəzaların tətbiq olunması ilə bağlı müraciətlərinin nəticəsiz qaldıqlarını bildiriblər.

Aşkar edilmiş bəzi pozuntuların aradan qaldırılması ilə əlaqədar həbsxana rəhbərliyinə tövsiyələr verilib. Başçəkmənin nəticələri ilə bağlı ədliyyə nazirinə müraciət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR