Ombudsman Kürdəmirdə ictimai dinləmə keçirib

Ombudsman Kürdəmirdə ictimai dinləmə keçirib
# 27 aprel 2013 13:08 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kürdəmirdə keçirilən növbəti ictimai dinləmədə rayon icra hakimiyyəti, məhkəmə, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyalarının və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri, qadınlar, gənclər, müəllimlər, digər rayon ziyalıları, şəhər və kənd sakinləri iştirak edib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev cəmiyyətin bütün sahələrində insan hüquq və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi olduğunu vurğulayıb.

İnsan hüquqlarının müdafiəsinin vacibliyini bildirən məruzəçi, Ombudsmanın təşəbbüsü ilə MFP-nin müddəalarına uyğun şəkildə həyata keçirilən, insan hüquqlarının təbliğinə mühüm töhfələr verən fəaliyyətin effektivliyindən danışıb.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində giriş nitqi söyləyən Ombudsman E.Süleymanova Kürdəmir ictimaiyyəti ilə mövzu üzrə geniş müzakirələr aparıb.

Müvəkkil 2013-cü ilin Azərbaycanda prezident seçkiləri ili kimi mühüm əhəmiyyət kəsb etdiyini, seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini bildirib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman eyni zamanda bəzi problemləri də qeyd edib, bu rayonda MFP-nin icrası, insan hüquqlarının, o cümlədən seçki hüquqlarının daha səmərəli təmin olunması üzrə digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulayıb.

Müvəkkil İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə səfər çərçivəsində Kürdəmir Polis Şöbəsində (RPŞ) olub, polis əməkdaşları ilə görüşdə onların fəaliyyətlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunmasının, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə şərait yaradılmasının zəruriliyini, habelə vətəndaşlara qarşı qeyri-etik davranışın, zorakılığın yolverilməzliyini qeyd edib.

Müvəkkil MPM qismində fəaliyyəti ilə bağlı hesabatları, müvafiq hüquqi nəşrləri RPŞ-nin rəhbərliyinə təqdim edib və bu vəsaitlərin öyrənilməsini, polis əməkdaşları üçün hər həftə keçirilən təlim məşğələlərində istifadə olunmasını tövsiyə edib. Səfər çərçivəsində Müvəkkil ona müraciətləri olan şəxsləri qəbul edib və müraciətlərini yerində araşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR