Moskvada RAGT sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin açılışı olub - FOTOSESSİYA

Moskvada RAGT sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 29 yanvar 2013 19:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü və qurumun təşkilatçılığı, habelə Azərbaycan Gənclər və İdman Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal Agentliyinin (“Ros Molodyoj”) dəstəyi ilə “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Beynəlxalq Ticarət Mərkəzində keçirilən tədbirdə çıxış edən RAGT-nin idarə heyətinin üzvü Emin Hacıyev Leyla Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırıb. Müasir dövrdə Azərbaycan gənclərinin ölkəmizin həyatının bütün sahələrində fəal iştirak etdiyini söyləyən E.Hacıyev liderlik xüsusiyyətlərinə malik, mükəmməl vətəndaş mövqeyi olan gənclərin formalaşmasında bu cür tədbirlərin rolunu xüsusi qeyd edib. O, “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda keçirilən qış məktəbinə Azərbaycanı və Rusiyanı təmsil edən gənclərin qatıldığını, məktəbdə Avropa Şurasının və digər nüfuzlu təşkilatların nümayəndələrinin iştirakı ilə məşğələlər keçiriləcəyini söyləyib.

Sonra RAGT-nin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.


Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iki ölkənin gəncləri arasında daha sıx, işgüzar münasibətlərin qurulmasında, Rusiyada təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasında Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış Rusiya Azərbaycanlı Gənclər Təşkilatının böyük işlər gördüyünü söyləyib: “SSRİ-nin süqutundan sonra müstəqil respublikalarda formalaşan gənc nəslin ünsiyyətə ehtiyacı var. RAGT onlar üçün belə bir şərait yaradır. Azərbaycan dövləti gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaradıb. Bu sahədə xüsusi proqram həyata keçirilir. Dövlət prorqamı çərçivəsində 6 mindən çox azərbaycanlı gənc xaricdə təhsil alır. Bu gün gənclərə liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir. Azərbaycan gənclər ölkəsidir. Hazırda respublikamızda mövcud olan elitanı gələcəkdə əvəz edəcək liderlərin formalaşdırılması çox əhəmiyyətli məsələdir. Bu baxımdan gənclər dünyada baş verən hadisələrə daha geniş geosiyasi anlamda yanaşmalıdırlar. Odur ki, bu cür seminarların, müzakirələrin, fikir mübadilələrinin keçirilməsinə böyük ehtiyac var”.


Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal Agentliyinin beynəlxalq fəaliyyət və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aleksandr Selivanov, Ümumrusiya Azərbaycan Konqresi aparatının rəhbəri Nemət Nağdəliyev, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədr müavini Vladimir Xarçenko müasir dünyada millətlər və sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi üçün gənclərin, xüsusilə də gənc liderlərin üzərinə düşən vəzifələrdən danışıblar.

Qeyd edək ki, “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbi fevralın 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR