Nazirlik 25 nəfər əlili Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib

Nazirlik 25 nəfər əlili Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib
# 16 may 2016 08:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 25 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əlilliyi olan şəxslərin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov göndərilən insanların Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini bildirib. O qeyd edib ki, həmin mərkəz bu gün təkcə bölgədə deyil, dünya miqyasında nüfuz qazanmış müalicə və reabilitasiya müəssisələrindən biridir. Mərkəzdə Türkiyənin Dənizli bölgəsinin zəngin təbii müalicəvi resurslarından istifadə olunmaqla peşəkar həkim-reabilitoloqlar tərəfindən hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə səmərəli bərpa-müalicə prosedurları həyata keçirilir.

N.Məmmədov əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işlərinin ildən-ilə gücləndiyini də diqqətə çatdırıb: “Bunun təsdiqi kimi, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfərin (135 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşayəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın) xaricdə, yəni Türkiyədəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicəsi təşkil olunub ki, bu da əvvəlki ildə xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilənlərdən 64,6% çoxdur”. Nazir müavini qardaş ölkəyə bərpa-müalicəsinə yola salınan əlilliyi olan şəxslərin orada 5 ulduz oteldə yerləşdiriləcəklərini, onların mərkəzdə yerləşdirilməsi və bərpa müalicəsi işlərinə nəzarət olunması, reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə nazirliyin bir nəfər əməkdaşının da Türkiyəyə ezam edildiyini bildirib.

Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev nazirlik tərəfindən əlilliyi olan şəxslərin ölkə daxilində bərpa-müalicəsi yönündə də işlərin davam etdirildiyini diqqətə çatdırıb. S.Abdullayev qeyd edib ki, təkcə bu ilin ilk rübündə nazirliyin əlillərin bərpa mərkəzlərində 1 700 nəfər əlilliyi olan şəxs bərpa-müalicə xidməti ilə təmin edilib. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 3 120 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib, onlara 7 297 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 553 ədəd əlil arabası verilib. Həmin dövrdə sosial cəhətdən həssas qruplara aid 598 nəfər nazirlik tərəfindən sanator-kurort putyovkası (yollayışı) ilə təmin olunub, 15 nəfər əlilliyi olan şəxsin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR