Fransa jurnalında Azərbaycan cazına həsr olunmuş məqalə dərc olunub

Fransa jurnalında Azərbaycan cazına həsr olunmuş məqalə dərc olunub
# 19 avqust 2016 15:20 (UTC +04:00)

Bakı - APA. Fransanın ixtisaslaşmış “Couleurs Jazz” jurnalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) “TEAS Magazine” dərgisinin baş redaktoru Neyl Uatsonunu Azərbaycan cazının tarixi, inkişafı və gələcəyi, həmçinin Azərbaycanın görkəmli caz musiqiçilərinə həsr olunmuş məqaləsi dərc olunub.

TEAS-dan APA-ya verilən məlumata görə, məqalə "Caz - bir xoşahəngli Azərbaycan məhsulu" adlanır. Məqaləmni təqdim edirik:

CAZ - BİR XOŞAHƏNGLİ AZƏRBAYCAN MƏHSULU

Azərbaycan cazının uzun tarixi var. Bu tarix 90 il öncəyə, demək olar ki, lentə alınan cazın ilk günlərinə gedib çıxır. Bu ölkədə ilk qrup “Şərq” caz qrupu olmuşdu. Sovet İttifaqında musiqi qastrollarında olmuş bu qrupda tenor Hüseynqulu Sarabski (müasir caz pianoçusu İsfar Sarabskinin ulu babası) vokal ifa edirdi.

SSRİ zamanında caza münasibət ölkədə üstün olan siyasi ab-havadan asılı olaraq dəyişirdi. Aydındır ki, bu musiqi ABŞ-da inkişaf edirdi, lakin bu, Amerika cəmiyyətində yoxsul və məzlumların məhsulu idi. Elə buna görə də, bəzən caz musiqiçilərinə öz musiqilərini açıq şəkildə ifa etmək çətin olurdu. Buna baxmayaraq, Niyazi və Tofiq Quliyev kimi Azərbaycan musiqiçi və bəstəkarları cazdan alınan akord sıralarını simfonik musiqi ilə birləşdirə bilirdilər. 1953-cü ildə Stalinin vəfatından sonra münasibət dəyişdi və ömür boyu caz pərəstişkarı olan Leonid Brejnev Sovetın başçısı olandan sonra caza olan yanaşma daha da rahat oldu.

1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının Caz Paytaxtı kimi tanınan Bakıya axın edirdilər

Azərbaycanın milli musiqisi muğamdır və onun ahəngdar strukturu, ölçüsü, meyarları və alətləri qərb musiqisindən tamamilə fərqli olsa da, burada caz musiqisi ilə bəzi oxşarlıqlar var ki, hər parçanın əvvəli və sonunda spesifik keçidlər var və onların arasında akkord və melodiyalar ətrafında improvizasiya üçün imkan yaranır. Bu yüksək səviyyəli improvizasiya və şəxsi interpretasiya Bakının caz musiqisini qəbul etməsinə şərait yaratdı və 1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının Caz Paytaxtı olaraq tanınan Bakıya axın etdilər və burada Pərviz Rüstəmbəyov (Sovetin Benni Qudmanı) kimi bir musiqiçi öz sənətini inkişaf etdirə bilmişdi.

1950 və 60-cı illərdə ABŞ-da Mayls Devis, Bill Evans və Əhməd Camal kimi parlaq musiqiçilər tərəfindən postbop modal caz musiqisinin yaradılması Azərbaycanda azərbaycansayağı musiqi inqilabına yol açdı. Rafiq Babayev və Vaqif Mustafazdə kimi klassik musiqi təhsili almış pianoçu və bəstəkarlar başlanğıc nöqtəsi olaraq Azərbaycan muğamını götürərək onu modal caz musiqisi ilə sintez edib, hazırda caz-muğam kimi tanınan etnojazz musiqi formasını yaradıblar. Vaqif Mustafazdənin çox vaxt standart caz triosu, yəni pano, bass gitara və zərb alətləri, formatında ifa edilən əsərləri xüsusi rəğbət qazanıb və burada onun pianoda zəngin bəzədilmiş yanaşmasının rolu da az olmayıb. Onu çox vaxt “Azərbaycan cazının atası” adlandırırlar. Truba ifaçısı Dizzi Gillespi demişdi ki, o, “gələcəyin musiqisini” yaradıb və blüz gitaraçı BB Kinq qeyd etmişdi: “İnsanlar mənə Blüz Kralı (King) deyir, lakin mən sənin kimi piano çala bilsəydim özümü Allah adlandırardım.”

Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparmışdı

Vaqif Mustafazadənin 39 yaşında qəflətən vəfat etməsinə baxmayaraq, onun təsirini dəyərləndirməmək olmaz. Bu gün Azərbaycanda demək olar ki, bütün caz musiqiçiləri onun irsinə çox borcludurlar – 2009-cu ildə Montrö Caz Festivalında Solo Caz Piano mükafatını qazanmış gənc İsfar Sarabski öz çıxışlarında onun “Mart” əsərini müntəzəm olaraq ifa edir.

Emil Əfrasiyab Vaqifin Piano Konsertini öz interpretasiyasında ifa edib və onun qızı Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparmışdı və çox vaxt ifalarını xanəndəsayağı oxumaqla tamamlayırdı.

Həyəcan verici Şahin Növrəsli çox vaxt öz qardaşları ilə birlikdə milli alətlərdə tar və kamançada ifa edərək asanlıqla caz, muğam qərb və şərqə çıxış yaradır.

Başqa bir piano ifaçısı Əminə Fiqarova bir qədər fərqli mühitdən yararlanır, bu, “freeform” caz musiqisidir. O, karyerasını Niderland və ABŞ-da qurub. Bu yaxınlarda, folklor mühitindən gələn musiqiçi Elçin Şirinov Azərbaycan xalq və klassık musiqisində və bu mövzular ətrafında improvizasiya edib, eyni zamanda onun kompozisiyalarında hələ də muğam mikrotonları və şərq harmoniyası da vardır.

Bakıda ilk caz festivalı 1969-cu ildə keçirilib və hazırda hər il keçirilən və saksofon ifaçısı Rain Sultanov tərəfindən təşkil edilən Bakı Beynəlxalq Caz Festivalı Azərbaycan və postsovet məkanının ən parlaq istedadları ilə yanaşı Billy Kobham, mərhum Co Zavinul, Çarlz Lloyd və Stenli Klark kimi dünyanın ən məşhur istedadlarından bəzilərini cəlb edir. Təbii ki, bu cür əməkdaşlıq Azərbaycan caz musiqisinə öz təsirini göstərmişdi. Məsələn, İsfar Sarabski və Elçin Şirinovun ifaları təkrarlanan fank parçaları ilə zəngindir, Salman Qəmbərovun ifası isə tam olaraq caz-rok qarışığı kateqoriyasına aiddir. Tenor saksofon ifaçısı Rain Sultanovun yanaşması fərqlidir, o, Maykl Brekkerin fyujn musiqisini klassik, muğam və dünya musiqi alətləri və ahəngləri ilə birləşdirir. Bakının mərkəzində yerləşən caz klubu və bir çox yüksək səviyyəli musiqiçiləri ilə Azərbaycanda caz musiqisi yaşayır və çiçəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR