Bakı-Şamaxı-Yevlax avtomobil yolu genişləndirilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolu genişləndirilir
# 26 avqust 2016 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 – 15,1 kilometrlik (1,85 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankı ilə imzalanmış" Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir.

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1,85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29,5 metr, yolun hərəkət hissəsinin eni 15 və 24 metr, hərəkət zolaqlarının eni 3,75 və 4,5 metr, ayrıcı zolağın eni isə 1 m etrtəşkil edəcək.

Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1,5 metr enində səkilər, həmçinin Müşfiq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə nəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 metr enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik (76 km) hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 kilometrlik (16 km) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin yenidən qurulması turizmin və kənd təsərrüfatının inkişafına, nəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR