Sabah Çempionlar Liqasında daha 2 oyun keçiriləcək

Sabah Çempionlar Liqasında daha 2 oyun keçiriləcək
# 22 fevral 2016 12:29 (UTC +04:00)

Bakı – APA. Bu həftə Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin digər 4 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ən çox maraq doğuran qarşılaşmaları sabah baş tutacaq.

Uzun müddətdi məğlubiyyətin nə olduğunu bilməyən “Barselona” Londona səfər edib. ÇL-in son qalibi İngiltərə Premyer Liqasında çempionluğa iddia edən “Arsenal”la üz-üzə gələcək. Kataloniya təmsilçisi bu oyunda türkiyəli futbolçusu Arda Turanın xidmətindən yararlana bilməyəcək. Çünki yarımmüdafiəçinin keçmiş klubu “Atletiko”dan cəzası qalır.

“Arsenal”ın itkiləri isə daha çoxdu. “Topçular”da Tomaş Rositski, Santi Kazorla və Cek Uilşir kimi aparıcı oyunçular zədədən əziyyət çəkirlər. Buna baxmayaraq, Arsen Vengerin komandası növbəti mərhələ şansını qorumaq üçün öz meydanında güclü rəqibinin məğlubiyyətsizlik seriyasını qırmağa borcludu.

Eyni saatda start götürəcək “Yuventus” – “Bavariya” matçı digərindən heç də az maraq kəsb etmir. Hər iki komandanın öz ölkəsinin çempionatına liderlik etməsi qarşılaşmanın önəmini daha da artırır. Münhenlilər səfərə Jerom Boatenq, Holqer Badştuber və Xavi Martinessiz yollanıblar ki, bunlardan yalnız birinci komandanın aparıcı simalarından sayılır.

Son finalçı “Yuve”də isə Aleks Sandro, Martin Kaseres, Kvadvo Asamoa və Corcio Kyellini komandaya kömək edə bilməyəcəklər. Digər zədəli Mario Mandzukiçin iştirakı sual altındadı. Bununla belə, “Bavariya”nın hazırda yaxşı formada olan “qoca sinyora” önündə işi asan olmayacaq.

Fevralın 24-də isə mərhələnin digər 2 oyunu keçiriləcək. Turnirin gizli favoritlərindən olan “Mançester Siti” Kiyevdə “Dinamo”nun qonağı olacaq. “Dumanlı Albion” təmsilçisinin heyətlə bağlı ciddi problemləri var. Hazırda Fabian Delf, Xesus Navas, Kevin de Bruyne, Elakim Manqala, Samir Nəsri, Vilfred Boni və Bakari Sanya zədədən əziyyət çəkirlər. Onlardan yalnız son iki oyunçunun durumu qeyri-müəyyəndi. “Şəhərlilər” bu itkilərin fonunda evə sərfəli nəticə ilə dönməyə çalışacaqlar. “Dinamo”nun ən böyük itkisi isə qapıçı Aleksandr Rıbkadı. Həkimlər onunla bağlı yekun qərarı oyun günü verəcəklər.

Son illər Avropada adından söz etdirən “Atletiko” Hollandiyaya səfər edəcək. Madridlilərin baş məşqçisi Dieqo Simeone bu matçda Auqusto Fernandes və Tiaqonun xidmətindən məhrum olacaq. “PSV Eyndhoven”də isə əsas qol “silahı” Luk de Yonq cəza ucbatından görüşü kənardan izləyəcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

23 fevral

23:45. “Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)

23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)

24 fevral

23:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Mançester Siti” (İngiltərə)

23:45. “PSV Eyndhoven” (Hollandiya) – “Atletiko” (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR