Ombudsman: "Nardaranda uşaqlardan dini məqsədlər üçün istifadə narahatlıq doğurur"

Ombudsman: "Nardaranda uşaqlardan dini məqsədlər üçün istifadə narahatlıq doğurur"
# 26 fevral 2016 11:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsini diqqətdə saxlayan İnsan Haqları üzrə Müvəkkilin ünvanına bununla bağlı 16 müraciət daxil olub, pozulmuş hüquqların bərpası məqsədilə araşdırmalar aparılıb”.

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, Baş Prokurorluğun rəsmi məlumatına əsasən, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaradıb: “Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil edib. Paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıb. Nardaran hadisələri zamanı uşaqlardan dini məqsədlər üçün istifadə olunması, onların təhsildən yayınması halları baş verib ki, bu da ciddi narahatlıq doğurur. İstər qanuna, istərsə də vicdan və əqidə azadlığı prinsiplərinə, ümumilikdə insan hüquqlarına tamamilə zidd olan belə fəaliyyəti Müvəkkil qətiyyətlə pisləyir, bundan sonra da belə hərəkətlərin qarşısının alınmasını vacib hesab edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR