Gürcüstanın baş naziri azərbaycanlı ağsaqqallarla görüşüb

Gürcüstanın baş naziri azərbaycanlı ağsaqqallarla görüşüb
# 31 mart 2016 18:52 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının təklifinə əsasən, şura üzvləri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə etnik azlıqları narahat edən məsələlər və onların Gürcüstan cəmiyyətinə tam inteqrasiyası müzakirə olunub.

Görüşdə çıxış edən baş nazir G. Kvirikaşvili ölkənin tamhüquqlu vətəndaşları olan etnik azərbaycanlıların ölkənin dövlət quruculuğunda və inkişafında yaxından iştirakının vacibliyini vurğulayıb: "Bizim azərbaycanlılarla görüşümüzün məqsədi onların problemlərinin həlli yollarını tapmaqdır. Etnik azərbaycanlılar olan vətəndaşlarımızın ölkənin qurulmasında iştirakı vacibdir. Onlar Gürcüstanda baş verən bütün inkişaf proseslərində yaxından iştirak etməlidirlər", - deyə baş nazir deyib.

G. Kvirikaşvili azərbaycanlılarla görüşməkdə əsas məqsədin onların problemlərini dinləmək və həlli yollarını axtarmaq olduğunu bildirib.

Tədbirdə çıxış edən azərbaycanlı ağsaqqallar bölgələrdə kadr çatışmazlığı olduğunu bildirərək, Tiflis meriyasına və bələdiyyəsinə, həmçinin yerli icra hakimiyyətlərinə peşəkar azərbaycanlı kadrların da təyin olunmasını xahiş ediblər. Görüşdə həmçinin suvarma su problemi, kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi məsələləri də qaldırılıb.

Görüş iştirakçılarını dinləyən baş nazir qaldırılan vacib və mövcud məsələlər ilə məşğul olacağını və yaxın gələcəkdə onların müsbət həll olunmasına çalışacağını bildirib.

Tədbirdə Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov baş nazirə Quran kitabını hədiyyə edib.

Azərbaycanlı ağsaqqallarla görüşdə Gürcüstanın baş nazirinin azlıq məsələləri üzrə köməkçisi Savalan Mirzəyev, Kaxeti, Msxeta, Şida Kartli və Kvemo Kartlidən gələn 14 nəfər ağsaqqal azərbaycanlı nümayəndələr iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR