Xələf Xələfov braziliyalı həmkarı ilə görüşüb

Xələf Xələfov braziliyalı həmkarı ilə görüşüb
# 26 aprel 2016 07:36 (UTC +04:00)

Bakı-APA. Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, X. Xələfov Azərbaycan və Braziliya arasında xüsusilə hər iki ölkənin səfirliklərinin açılması ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, iqtisadi, mədəni, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd edib.

İki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin əhəmiyyətindən danışan X. Xələfov sərmayələrin təşviqi, gömrük, kənd təsərrüfatı, ikiqat vergidən azadolunma və digər sahələrə dair sazişlərin imzalanmasının gələcək əməkdaşlıq üçün vacib olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi, aprel ayında qoşunların təmas xəttində yaranmış gərginlik haqqında həmkarına məlumat verən nazir müavini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllində ən başlıca problem olduğunu dilə gətirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Braziliyanın TŞ-nın qeyri-daimi üzvü olduğu, 874 saylı qətnamənin isə məhz Braziliyanın TŞ-ya sədrliyi dövründə qəbul edildiyini xatırladıb.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfərindən məmnunluğunu ifadə edən Fernando Simas Maqalhaes Braziliya xarici işlər nazirinin Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın şaxələndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlı olduğunu bildirən nazir müavini münaqişənin BMT TŞ-nın qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizama salınmasına ümidvar olduğunu dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR