Gürcüstan və Ermənistandan axıdılan çirkab suları nəticəsində Kürdə biogen maddələr dəfələrlə artıb

Gürcüstan və Ermənistandan axıdılan çirkab suları nəticəsində Kürdə biogen maddələr dəfələrlə artıb
# 23 iyun 2015 09:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 35 m3/san azalaraq 353 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.2, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.85-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR