AMEA-da “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib

AMEA-da “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib
# 15 dekabr 2014 09:08 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Komissiya qarşısında duran əməli addımlardan ətraflı danışıb.

Akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası” tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətini qeyd edən İ.Həbibbəyli bu sahədə elmi-tədqiqat işlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, zəruri tarixi sənədlərin aşkara çıxarılıb kitab halında nəşr edilməsinin əhəmiyyətli məsələ olduğu bildirilib. Akademik bu mövzuda AMEA üzrə bir sıra beynəlxalq tədbirlərin planlaşdırıldığını qeyd edərək, 2015-ci ilin birinci rübündə Tarix İnstitutunun bazasında “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” mövzusunda Bakıda və Qubada keçiriləcək beynəlxalq elmi konfransın vəzifələri barədə ətraflı söhbət açıb. O, konfransda Azərbaycanın tarixçi və arxeoloqları ilə yanaşı, dünyanın nüfuzlu alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırıb.

Komissiyanın iclasında Azərbaycan Prezidenti Administrasiyasında təsdiq edilmiş fəaliyyət planında AMEA üzrə öz əksini tapmış müddəaların həyata keçirilməsi yollarından bəhs edilib.

Bundan başqa, 2014-cü ildə Akademiya üzrə müxtəlif elmi-tədqiqat institutlarında bu mövzuda 20-dən çox kitabın çap olunduğu nəzərə çatdırılıb. Komissiya institutlar üzrə həmin kitabların ictimaiyyətə çatdırılacağını bəyan edib.

Müzakirələrdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, müxbir üzv Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyeva, Folklor İnstitutunun direktoru, müxbir üzv Muxtar İmanov, Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, fəlsəfə doktoru Aytən Mustafayeva və başqaları çıxış edərək, fikir və mülahizələrini bildiriblər. Alimlər tərəfindən kitabların nəşr edilməsi, yeni tədqiqat əsərlərinin cəmiyyətə təqdim olunması və beynəlxalq elmi konfranslarla yanaşı soyqırımlar mövzusunda rəsm sərgisinin keçirilməsi də təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR