Bakıda “Rusiya-Azərbaycan əlaqələri: möhkəmlənməyə doğru” adlı video-körpü keçirilib

Bakıda “Rusiya-Azərbaycan əlaqələri: möhkəmlənməyə doğru” adlı video-körpü keçirilib
# 21 avqust 2014 13:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bu gün Bakıda “Rusiya-Azərbaycan əlaqələri: möhkəmlənməyə doğru” adlı video-körpü keçirilib.

APA-nın məlumatına görə, Moskvadan video-bağlantı ilə konfransa qatılan Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin bildirib ki, keçmiş sovet ölkəsi olan Azərbaycanla iqtisadi münasibətlərin və siyasi dialoqun inkişafı Rusiya üçün əhəmiyyət daşıyır: “Avropa ölkələrindən ərzaq və kənd təsərrüfatı məhsullarına qoyulan qadağalardan sonra Azərbaycan və bir sıra qonşu ölkələr üçün Rusiya bazarına daha çox məhsul çıxarmaq imkanı yaranıb. Hazırda Azərbaycan Rusiya bazarına çıxmaqla 1 milyard dollardan çox gəlir əldə edə bilər. Biz istərdik ki, bu istiqamətdə də münasibətlər inkişaf etsin”.

Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Klubunun direktoru Denis Tyurin deyib ki, iqtisadi münasibətlərin bərpasında Ermənistan tərəfinin də maraqlı olduğunu düşünür: “Azərbaycan həm bölgə üçün, həm də Rusiya üçün əhəmiyyət daşıyan ölkədir. Bizim tərəfdaşlığımız üçün perspektivlər çoxdur. Münasibətləri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də inkişaf etdirmək olar. Bundan başqa, Avrasiya Gömrük İttifaqına Azərbaycanın da qoşulması mühüm hadisə ola bilər. Hesab edirəm ki, Azərbaycan bu ittifaqa qoşulsa, bu üzvlük zamanla Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərə bilər”.

Politoloq, Milli Məclisin üzvü Rasim Musabəyov isə bildirib ki, Azərbaycan və Rusiya arasında dialoq, münasibətlər yaxşı səviyyədə olsa da, iqtisadi münasibətlərdəki göstəricilərə görə Rusiya Azərbaycanın əsas tərəfdaşı adlandırıla bilməz: “Bizim Avrasiya İttifaqına qatılmağımız qazı ucuz qiymətə satmaqdırsa, əlverişli qiymətlərlə Avropa ölkələrinə sata bilərik. Hazırda Avrasiya İttifaqının formalaşması prosesini və perspektivlərini izləyirik. Düzünü desək, Azərbaycan üçün indiki məqamda o ittifaqda mənfəət vəd edən heç nə yoxdur. Qarabağ münaqişəsinin həllində isə təcavüz faktı düzgün qiymətləndirilmir. Bizim 600 mindən çox Qarabağ qaçqınımız olduğu halda, Ermənistan tərəfi Dağlıq Qarabağda 100 min erməninin müstəqilliyini tələb edir. İllüziyaya qapılmayaq, bu şəkildə əməkdaşlıq mümkün deyil”.

Rusiyalı jurnalistin Azərbaycanın silahlanmaya daha çox vəsait xərcləməsi barədə sualına cavab verən R. Musabəyov qeyd edib ki, Azərbaycanın hərbi xərclərinin ÜDM-də tutduğu pay Ermənistandakından qat-qat aşağıdır: “Ermənistanın milli gəlirləri Azərbaycanınkından 11-12 dəfə azdır, ona görə belə görünür ki, Azərbaycan orduya daha çox pul xərcləyir. Azərbaycan hərbi xərclərin təşkilində heç bir beynəlxalq normanı keçmir və kimdənsə silahı pulsuz almır. Son illər Rusiyadan 4 milyard dollar dəyərində silah və texnika almışıq. Həmçinin İsrail də bu sahədə əsas tərəfdaşlarımızdandır. Azərbaycan öz müdafiəsini gücləndirir və gücləndirəcək. Bu, ölkə iqtisadiyyatının digər sahələrini də inkişaf etdirməyə mane olmur”.

Politoloq Rasim Ağayev deyib ki, regional münaqişələrin həllində və münasibətlərin tənzimlənməsində Rusiya böyük rol oynaya bilər: “Lakin bu istiqamətdə davamlı təşəbbüslər olmalıdır. Biz Rusiyadan tələb etmirik ki, torpaqları bizə qaytarsın. Amma Ermənistana müəyyən təzyiqlər etmək və onu dialoqlara yönəltməklə müəyyən irəliləyişə nail olmaq mümkündür”.

Politoloq İlqar Vəlizadə əlavə edib ki, Azərbaycanın Rusiya ilə münasibətlərindən danışarkən regiondakı neft-qaz sənayesi və beynəlxalq layihələrin kəsb etdiyi əhəmiyyəti qeyd etmək lazımdır: “Azərbaycan öz xarici münasibətlərində maraqları da nəzərə almağa çalışır. Qarabağ münaqişəsinə gəldikdə, onun həlli Azərbaycan-Rusiya münasibətlərində də ciddi dönüş yaradar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR