İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 34 nəfər şəxsə müvafiq yardımlar göstərib

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 34 nəfər şəxsə müvafiq yardımlar göstərib
# 12 iyun 2015 08:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-may aylarında 19 nəfər insan alveri qurbanına, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 15 nəfərə müvafiq yardımlar göstərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan bir çoxu eyni vaxtda müxtəlif növ zəruri yardımlarla təmin ediliblər. İnsan alveri qurbanlarından, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərdən 6 nəfəri tibbi, 9 nəfəri psixoloji, 5 nəfəri hüquqi yardımla, 1 nəfəri sığınacaqla təmin edilib.

Həmçinin 9 nəfərinin ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğunun təmin olunmasına, daha 9 nəfərinin peşə hazırlığına cəlb edilməsinə köməklik göstərilib. Bir nəfərinin ailəsinin isə ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon ƏƏSMN-ə müraciət edilib. Qeyd olunan şəxslərin sosial vəziyyəti daim diqqətdə saxlanılır və onlarla iş davam etdirilir.

Mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması işlərinin davamı kimi, hazırda respublikanın bölgələrində “İnsan alveri ilə mübarizə” mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilir. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Şirvan, Salyan, Neftçala, Saatlı, Sabirabad, Kürdəmir və digər rayonlarda daha çox gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə interaktiv şəkildə məlumatlar verilib. Azərbaycan prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən keçirilən maarifləndirmə tədbirləri iyun ayı ərzində ölkənin digər regionlarında da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR