Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı və növləri açıqlanıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı və növləri açıqlanıb
# 02 iyun 2016 10:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd olunan müddətdə 12499 müraciət olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8331 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən eyni) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4168 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 399 sənəd (752 məktub, 447 ərizə, 200 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumİ təhsil məktəblərinin 1-ci siniflərinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1 859 zəng) və çərşənbə (1 836 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1 130 müraciət) və çərşənbə (814 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR