Əhməd Davudoğlu: ”Bu gün məğlub olan yoxdur”

Əhməd Davudoğlu: ”Bu gün məğlub olan yoxdur”
# 01 noyabr 2015 21:53 (UTC +04:00)

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyədə 1 noyabrda keçirilmiş seçkidən qalib çıxan Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və baş nazir Əhməd Davudoğlu deyib.

Seçki prosesini Konya şəhərindəki evindən izləyən Əhməd Davudoğlu, ilk nəticələrin açıqlanmasından sonra vətəndaşlara müraciət edərək şəhərin simvolik məkanlarından biri olan Mövlana türbəsinə gedib. Türbədən çıxandan sonra AKP üzvləri və tərəfdarlarına müraciət edən Əhməd Davudoğlu, indiyə qədər olduğu kimi bundan sonra da siyasət meydanında dik və sadə durmağa davam edəcəklərini bildirib.

Əhməd Davudoğlu meydana toplanan AKP tərəfdarlarına verdiyi mesajda “Bu gün həmişəkindən daha çox qonşularınızla salamlaşacaq, qardaşlarınızla qucaqlaşacaqsınız, heç bir təxribata, heç bir təhrikə qapılmayacaqsınız. Ak Partinin bütün kadrlarına müraciət edirəm: biz bu tarlaya sevgi əkməyə gəlirik. Sevginizi 78 milyona göstərin. Bu gün Ak Partiyə səs verməyən vətəndaşlarımıza səslənirəm: bu gün məğlub olan yoxdur, bu gün qazanan vardır, o da millətimizdir, cümhuriyyətimizdir, demokratiyamızdır. Bizə səs verən və ya verməyən hər kəsə qəlbimizi açmağa gəlirik”-deyə vurğulayıb.

AKP lideri və baş nazir Davudoğlunun çıxışı tez-tez “Konya səninlə qürur duyur!”- şüarıyla kəsilib. Çıxışını bitirən Əhməd Davudoğlu AKP-nin baş qərargahının balkonundan partiya üzvlərinə və tərəfdarlarına müraciət etmək üçün Ankaraya yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR