Azərbaycanla Qırğızıstan su təsərrüfatı sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycanla Qırğızıstan su təsərrüfatı sahəsində təcrübə mübadiləsi aparıb
# 27 oktyabr 2015 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan və Qırğızıstan arasında su təsərrüfatı sektorunda təcrübə mübadiləsinin aparılması məqsədi ilə Qırğızıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Dünya Bankının təşəbbüsü ilə Qırğızıstanın Arxitektura, Tikinti və Kommunal Xidmətlər üzrə Dövlət Agentliyinin, İçməli Su Təchizatı Departamentinin, Sulutka və Kerben şəhərlərinin rəhbərliyi, İcmaların İnkişafı və İnvestisiya Agentliyinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirib ki, bu sahədə beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq edilir: “Azərsu” ASC-nin reallaşdırdığı bəzi layihələr beynəlxalq maliyyə qurumları ilə birgə maliyyələşdirilir. Bu əməkdaşlıq çərçivəsində şəhər və rayon mərkəzlərinin içməli su və kanalizasiya infrastrukturları müasir standartlar səviyyəsində yenidən qurulur. Əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İnfrastrukturların yenidən qurulması ilə yanaşı, yeni texnologiyaların tətbiqi və kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir. Ümidvarıq ki, bu sahələrdə qazandığımız təcrübə Qırğızıstan tərəfi üçün maraqlı və faydalı olacaq”.

Qırğızıstan nümayəndə heyətinin rəhbəri, Qırğızıstanın İçməli Su Departamentinin rəisi Asker Toktoşev su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Azərbaycanın böyük təcrübəsi olduğunu bildirib, bu sahədə “Azərsu” ASC ilə gələcək əməkdaşlığın geniş perspektivləri olduğunu diqqətə çatdırıb: “Qırğızıstan hökuməti beynəlxalq maliyyə təşkilatlarının yardımı ilə regionlarda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlayır. Beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı kompleks investisiya proqramlarının həyata keçirilməsi də Azərbaycan təcrübəsindən istifadə olunmasını tövsiyə edib. Bu məqsədlə Azərbaycanda olduğumuz müddətdə “Azərsu” ASC-nin həyata keçirdiyi layihələrlə əyani tanış olmaq niyyətindəyik”.

Görüşdə “Azərsu” ASC ilə Qırğızıstanın müvafiq qurumları arasında bilik və təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı və İsmayıllı şəhərlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri, həmçinin “Azərsu” ASC-nin Təlim-Tədris Mərkəzində, Mərkəzi Laboratoriyada yaradılmış şəraitlə tanış olacaq, digər obyektlərə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR