“ADY Express” “Şimal-Cənub” marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib

“ADY Express” “Şimal-Cənub” marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib
# 30 avqust 2016 10:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan və İran arasında dəmir yolu əlaqəsi hələ mövcud olmasa da, “ADY Express” şirkəti “Şimal-Cənub” marşrutu ilə yükdaşımalara start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “ADY Express” ilk olaraq sıxılmış maye qaz – butadieni İrandan Rusiyaya nəql edib. Nəql prosesi tank-konteynerlər vasitəsi ilə həyata keçirilib. Şirkətdən bildirilib ki, artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə şimala göndərilib.

“Həmin konteynerlər İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olaraq, sonradan Astara dəmir yolu stansiyasında platformalara yüklənərək Rusiyaya göndərilib. Həmin yüklər isə bundan əvvəl dəniz vasitəsi ilə, İrandan Rusiyanın Həştərxan limanına nəql edilirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu qərardan irəli gələn qaydaları təsdiq etməsi ilə ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə, Azərbaycan ərazisindən dəmir yolu ilə yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar. Bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsi ilə yüklər Hindistan–İran körfəzi-İran–Azərbaycan–Rusiya-Skandinaviya dövlətləri/Şimali Avropa marşrutu ilə 14 gün ərzində nəql edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR