Fransa səfiri: “Mövqeyimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - MÜSAHİBƏ

Fransa səfiri: “Mövqeyimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - <span style="color: red;">MÜSAHİBƏ
# 26 oktyabr 2015 13:25 (UTC +04:00)

Paskal Mönye: “Bakıda Fransa komandasının fitə basılması məni şoka saldı”

Bakı. Türbət Bağırova - APA. Fransanın Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Paskal Mönyenin APA-ya müsahibəsi

- Artıq Azərbaycanda diplomatik missiyanız başa çatıb. Azərbaycanda səfir olduğunuz müddətdə ən böyük uğurlarınız nə olub?

- Mən etmək istədiyimə nail olduğumu düşünürəm. Zənnimcə, ölkələrimiz arasında qarşılıqlı anlaşmanı dəyişməyə nail ola bilmişəm. Düşünürəm ki, Fransa və Azərbaycan bir-birini dost və strateji tərəfdaş olaraq görürlər. Azərbaycana 2012-ci ilin mayında gəlmişəm və bura gələnlərin əksəriyyəti kimi, ölkənin iqtisadi inkişafı, artımı, əhalinin istəkliliyi, eləcə də gənc insanların daha da irəliləmək üçün təhsillərini artırmaq həvəslərinə heyran qalmışam. Çox dinamik ölkə ilə rastlaşdım. Dəyişən məsələlərə toxunmaq istəyirəm. Belə ki, 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatının finalına baxmağa getmişdim. Prezident İlham Əliyev və Mişel Platini də orada idilər. Finalda Şimali Koreya ilə qarşılaşan Fransa komandası qalib gəldi. Lakin hər dəfə şok olduğum hadisə ondan ibarət idi ki, şimali koreyalılar qola yaxınlaşanda stadiondakı tamaşaçılardan alqış səsləri eşidilirdi. Fransa komandasında eyni situasiya olanda isə fit səsləri gəlirdi. Bu, mənə qəribə təsir bağışlayırdı. Bunun niyə belə olması məni maraqlandırdı. Niyə belə hiss bəslədikləri barədə soruşdum. Və mənə Fransanın Minsk Qrupunda ədalətsiz mövqe tutması, Ermənistana meylli olması, Azərbaycana kifayət qədər hörmətlə yanaşmaması düşüncəsinin hakim olduğunu səbəb göstərdilər. Lakin bu, həqiqət deyildi. Ona görə də belə qərara gəldik ki, bunun həqiqət olmadığını insanlara göstərək.

"Əminəm ki, hazırda ölkələrimiz arasında qarşılıqlı etimad var".

Mən münasibətlərimizin xüsusi səviyyədə intensivləşdirilməsi istiqamətində fəal çalışdım. Fəaliyyətə başladığım müddətdən prezidentlərimiz ildə azı iki dəfə görüşüblər. Prezident Fransua Olland iki dəfə Bakıya gəlib. İlham Əliyev də iki dəfə Parisdə olub. Və onlar beynəlxalq konfranslar çərçivəsində də görüşüblər. Bu, çox mühüm məsələdir. Əminəm ki, hazırda ölkələrimiz arasında qarşılıqlı etimad var. Mən, həmçinin, şirkətlərimiz arasındakı əlaqələri inkişaf etdirməyə çalışdım. Çünki konkret addımlar atmadan strateji tərəfdaş olduğunu deyə bilməzsən. Biz yüksək texnologiyalar, kosmik, peyk, nəqliyyat-qatarlar, metro və digər sahələrdə seçilən fransız şirkətlərini cəlb etdik. İnsanlar arasında da güclü münasibətlər qurmağa nail olduq. Təhsil sahəsində fəal əməkdaşlıq edirik. Bilirsiniz ki, Azərbaycanda fransız məktəbi fəaliyyət göstərir. Və hər iki prezidentin iradəsinə uyğun olaraq Fransa-Azərbaycan Universitetinin yaradılmasını planlaşdırırıq. Beləliklə, qeyd etdiklərimin əsas nailiyyətlər olduğunu düşünürəm. Düşüncənin dəyişməsi münasibətlərin də dəyişməsidir. Mən bura gələndə münasibətlər pis deyildi.

- Bəlkə, münasibətlərdə bir az sərinləşmə var idi?

"Ermənistanla yaxşı münasibətlərimiz var. Çünki Fransada yüz minlərlə erməni yaşayır, onlar bizim cəmiyyətin bir parçasıdır".

- Bəlkə də bir az elə idi. Çünki həmin vaxtı Fransa parlamentində erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılırdı. Bu isə Türkiyə və Azərbaycanda etirazlara səbəb oldu. Qanun Fransa Konstitusiya Məhkəməsi tərəfindən anti-Konstitusion elan edildi, ona görə də bu qanun artıq kənara qoyulmuş bir layihədir. Bu məsələyə burada belə həssas münasibəti anlayıram. Əsas diqqət yetirdiyim məsələ Azərbaycan və Ermənistana eyni dərəcədə dost olduğumuzu izah etməyə çalışmaq oldu. Biz Minsk Qrupunda həmsədrlərdən biriyik. Ermənistanla yaxşı münasibətlərimiz var. Çünki Fransada yüz minlərlə erməni yaşayır, onlar bizim cəmiyyətin bir parçasıdır. Bizim prezidentimiz soyqırımın ildönümünü qeyd etmək üçün Ermənistana getmişdi. Lakin bu, o demək deyil ki, biz Türkiyəni sevmirik. İyul ayında Bakıda ticarət əlaqələri, iqtisadi sahədə əməkdaşlığın inkişafını nəzərdə tutan Franko-Türk-Azərbaycan seminarı təşkil etmişdim. Biz Azərbaycanla bir çox sahələrdə əlaqələri inkişaf etdirmişik. Düşünürəm ki, hər iki ölkə ilə onların narahatlıqlarını nəzərə alaraq və güzəştə nail olmalarına yardım edərək dost ola bilərik. Hazırda hamı cəbhə xəttində baş verən gərginlik hallarına görə narahatdır. Dünyada kifayət qədər qeyri-stabillik var. Biz isə regionda yenidən gərginliyin artmasını arzulamırıq. Bildiyimiz kimi, həmsədrlər gələn həftə Azərbaycana gələcəklər. Burada hakimiyyət nümayəndələri ilə danışıqlar aparılacaq. Ən vacib məsələ dialoqun yenidən bərpa olunmasıdır. Münaqişə uzun müddətdir davam etdiyi üçün Azərbaycanın məyusluğunu anlayıram. Əsas məsələ odur ki, müharibə olmasın. Lakin buna baxmayaraq, hər iki tərəfdən ölüm hallarını tez-tez eşidirik. Bacardığımız qədər gərginliyin azaldılmasına çalışırıq. Düşünürəm ki, hər iki ölkə və liderlər başa düşürlər ki, hazırkı vəziyyət onların marağında deyil. Çünki Ermənistan nöqteyi-nəzərindən regionun iqtisadi inteqrasiyasında iştirak etməmək respublikanın əhalisinə də fayda vəd etmir. Zənnimcə, onlar da bunun fərqindədirlər. Əgər irəliyə doğru inkişaf istəyiriksə, hərəkət etmək lazımdır. Ümid edirik ki, ABŞ, Rusiya və Fransanın köməyi ilə hər iki lider irəliyə doğru addım ataraq qarşılıqlı güzəştə razı olacaqlar. Bu, bizim arzumuzdur.

- Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olması barədə bəyanat verib. Buna münasibətiniz?

- Düşünürəm ki, başqa ölkənin prezidentinin fikrini şərh etmək Fransa səfirinin vəzifəsinə aid deyil. Mövqeyimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Minsk Qrupunun həmsədr ölkəsi kimi biz çalışırıq ki, bu uzunmüddətli münaqişə həllini tapsın. Bizim bu barədə mövqeyimiz dəyişməzdir.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün hansı addımları atmalıdırlar?

"Zənnimcə, hər iki tərəf kompromis elementlərini bilir. Məsələ bəzi ərazilərdən qoşunların çıxarılması və Dağlıq Qarabağın statusu ilə bağlıdır".

- Onlar 20 ildən çoxdur ki, bunun üçün çalışırlar. Əlbəttə, onlar hər zaman eyni insanlar olmayıblar. Bütün dövrlərdə çalışan yalnız Anjey Kaspşik olub. Zənnimcə, hər iki tərəf kompromis elementlərini bilir. Məsələ bəzi ərazilərdən qoşunların çıxarılması və Dağlıq Qarabağın statusu ilə bağlıdır. Çətin olan məsələ hər iki tərəf üçün qaneedici yol xəritəsi tapmaq və onu həyata keçirməkdir. Düşünürəm ki, Minsk Qrupunun əsas rolu yol xəritəsinin həyata keçirilməsi üçün şərait yaradılmasıdır. 2014-cü ilin oktyabrında Fransada keçirilən sammitdən sonra bizim ümidlərimiz artmışdı. Çünki hər iki prezident onlar üçün qəbuledilən sayılan yol xəritəsi ilə bağlı razılaşdılar, lakin gərginlik yenə artdı. Gərginlik olduğu halda isə yol xəritəsini həyata keçirmək mümkün olmur. Ən vacib məqam etimad yaratmaqdır. Beləliklə, Minsk Qrupunun rolu kompromis elementlərini bir araya gətirməkdir. Ümid edirəm ki, onlar buna müvəffəq olacaqlar.

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb. Sizcə, bu səfər danışıqlar prosesini irəli apara bilərmi?

- Münaqişə və gərginlik olanda ən pis hal danışıqlar aparmamaqdır. Əgər danışıqlar aparılmasa, istənilən hərəkət yanlış anlaşıla bilər. Ona görə düşünürəm ki, cəbhə xəttində və təmas xəttində vəziyyət nə olursa olsun, həmsədrlərin gəlib insanlarla görüşməsi, dialoqu bərpa etməyə çalışması müsbət haldır. Lakin nəticədə onlar vasitəçilərdir, hər iki tərəfi dinləyərək qarşılıqlı güzəştə hazırlayırlar. Nəticə isə tərəflərdən asılıdır. Biz etimad quruculuğu barəsində ideyalar səsləndirmişik, Qırmızı Xaç Komitəsinin rolunu vurğulamışıq, çünki münaqişə nəticəsində insanların yaxınlarından xəbər almaları vacibdir. Bundan başqa, bizim prezident tərəfindən konkret təkliflər səsləndirilib. Bizim prezident onun üzərində çox çalışıb. Ona görə bundan sonrakı proses tərəflərdən asılıdır. Onlar yol xəritəsi üzrə razılığa gəlməlidirlər. Biz qərarverici deyilik. Həmsədrlər institutu Ermənistan və Azərbaycana sanksiya tətbiq edə bilməz. Minsk Qrupu peşəkar diplomatlardan ibarətdir. Son nəticədə isə qərarı tərəflər qəbul edəcək.

- 2015-ci il üçün Azərbaycan-Fransa ikitərəfli münasibətlərini necə qiymətləndirirsiniz?

"Biz “Şahdəniz” yatağından hasil olunacaq qazın da ən iri alıcısı olacağıq".

- Düşünürəm ki, irəliləyən istiqamət üzrə inkişaf edir. İkitərəfli münasibətlər üzrə rəqəmlərə baxdığımız zaman enmələr və qalxmalar görə bilərik. Deməliyəm ki, ötən ilin dekabrına kimi iqtisadi əlaqələrdə güclü artım mövcud idi. Ölkələrimiz arasında qarşılıqlı ticarət o qədər də yüksək deyil, 1,5 - 1,7 milyard avro arasında dəyişir. Biz Azərbaycan neftinin əsas alıcılarındanıq. Biz “Şahdəniz” yatağından hasil olunacaq qazın da ən iri alıcısı olacağıq. Beləliklə, enerji sahəsində əməkdaşlığımız yaxşı inkişaf edir. Bundan başqa, əsasən nəqliyyat, təyyarə ixracı sahəsində əlaqələrimiz normal inkişaf edir. Azərbaycana 2 “Airbus” satmışıq. Metro, qatarların ixracı sahəsində əməkdaşlığımız var. Belə ki, Azərbaycana 50 lokomotiv göndərilməsi barədə razılığa gəlmişik. Lakin neft böhranından sonra Azərbaycan iri infrastruktur layihələrini dondurmaq qərarına gəldi. Halbuki metro sahəsinə kifayət qədər maliyyə yatırılmışdı. Bu yaxınlarda oxudum ki, prezident İlham Əliyev metro infrastrukturunun inkişafının mühüm əhəmiyyətə malik olduğu barədə fikir bildirib, büdcədən buna vəsait ayrılacağı deyilir. Ona görə də bu sahənin canlanacağını düşünürəm. Bu, mənim təəssüf hissi keçirdiyim məqam olmuşdu, çünki prezidentin ilk səfəri zamanı memorandumlar imzalanmışdı və çox intensiv əməkdaşlıq mövcud idi. Sizin metro Fransa metrosuna bənzəyəcək. Bilirsiniz ki, Fransa yeraltı nəqliyyatına görə çox məşhurdur. Əminəm ki, bu sahədə əməkdaşlıq yenə davam edəcək. Ola bilər, büdcə çatışmazlığı səbəbindən bir az zəifləyib, lakin davam edəcək.

- İlin sonunadək Fransadan yüksək səviyyəli rəsmilərin Azərbaycana gəlişi gözlənilirmi?

- Oktyabrın 27-də yeni səfir Aurelia Bouchez gələcək. O, bura gələcəyi üçün çox həvəslidir, hazırlıqlıdır. Əvvəl Avropa İttifaqının Qazaxıstandakı səfiri vəzifəsində çalışıb. Biz onunla yaxşı dostuq. Düşünürəm ki, o, bizim münasibətlərimizi daha da irəliyə aparmaqdan məmnun olacaq. Ola bilsin, prezident İlham Əliyev noyabrda Fransaya səfər etsin. Bildiyimiz kimi, Fransa “COP 21” sammitinə ev sahibliyi edəcək. Bu, iqlim dəyişikliyi barədə çox önəmli konfransdır. Prezident İlham Əliyevə də dəvət göndərilib və bir qayda olaraq İlham Əliyev Fransaya səfər etdikdə prezidentlər arasında görüş olur. Biz bütün dünya liderlərini, eləcə də qeyri-hökumət təşkilatlarını dəvət etmişik. Çünki düşünürük ki, əgər iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq istəyirsənsə, sivil cəmiyyət bu məsələdə birləşməli, insanlar davranışlarını dəyişməlidirlər. Misal üçün, Azərbaycanda biz enerji səmərəliliyi barədə hakimiyyət nümayəndələri və şirkətlərlə danışıqlar aparırıq. Eyni zamanda, tullantıların idarə edilməsi məsələsində də əməkdaşlığı davam etdiririk. Azərbaycan buna kifayət qədər açıq olan ölkədir. Bu, yaxşı istiqamətdir. Noyabrın sonlarında – ayın 26-27-də Fransanın ərazi vahidləri və şəhərlər üzrə məsul şəxsi Andre Valininin Azərbaycana səfəri gözlənilir. Artıq iki ildir ki, biz şəhərlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmişik. Bu, Parisdəki həmkarım Elçin Əmirbəyov və mənim dəstəyim sayəsində mümkün olub. Beləliklə, hər iki tərəfdən müxtəlif şəhərlər arasında münasibətlər qurulub. Misal üçün, Şəki ilə Kolmar şəhərləri arasında güclü münasibətlər mövcuddur. Kolmar şəhəri fransız dilində oxuyan uşaqlar üçün kitablar təklif edib. Eyni zamanda, Muze ilə məşhur dağ xizək turizm zonası olan Qusar arasında güclü əlaqələr mövcuddur. Bununla yanaşı, Gəncə və Burqundiya arasında dostluq əlaqələri qurulub. Bordo Universitetinin rektoru Azərbaycanda olmuşdu. Bu sahədə bizim münasibətlərimiz çox güclüdür. Və biz onları konkret struktura salmaq istəyirik. Beləliklə, şəhər rəhbərlərinin səfərlərinə şərait yaratdıqca, təhsil, mədəniyyət, iqtisadi əlaqələr də genişlənir.

- Azərbaycan və Avropa İttifaqı arasındakı hazırkı münasibətlər Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

"Fransa olaraq bizim istəklərimiz Avropa İttifaqının istəkləri ilə üst-üstə düşür. Hər ikimiz stabil və çiçəklənən Azərbaycan görmək istəyirik".

- Maraqlı sualdır. Fransa Avropa İttifaqının tərkib hissədir və ittifaq daxilində mühüm rol oynayır. Avropa İttifaqı institutları mürəkkəb quruluşa malikdirlər. Avropa parlamentlərinə seçilən üzvlər öz düşüncələrini dilə gətirirlər. Hökumətlərin parlamentlər üzərində o qədər də “rıçaqları” yoxdur. Bu, Fransada da baş verir, belə ki, parlament üzvləri özləri təşəbbüs qəbul edirlər. Bu isə onların hüququ və azadlığıdır. Bəzən onların təşəbbüsləri Azərbaycanı razı salmaya bilər. Çünki onlardan bəziləri Dağlıq Qarabağa səfərlər edir. Lakin bu təşəbbüslər bizim hökumətin mövqeyini əks etdirmir. Avropa Parlamenti qətnamə qəbul edib və bu, Avropa İttifaqı ilə Azərbaycan arasında böhran yaradıb. Lakin hesab edirəm ki, Avropa İttifaqı və Azərbaycanın marağında olan məsələ stabil və artan inkişafa olan maraqdır. Fransa olaraq bizim istəklərimiz Avropa İttifaqının istəkləri ilə üst-üstə düşür. Hər ikimiz stabil və çiçəklənən Azərbaycan görmək istəyirik. Azərbaycan qədim ənənələri olan ölkədir və çətin qonşuluqda yerləşir. Biz Azərbaycanın müstəqilliyini və çiçəklənməsini dəstəkləyirik.

- Yəni bu məsələ Fransa-Azərbaycan münasibətlərinə təsir etməyəcək?

- Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əsasında duran çətinliklər hamıya yaxşı məlumdur. Sizin nöqteyi-nəzərinizdən, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü yetəri qədər dəstəkləmir. Biz tərəfdən isə düşünürük ki, Azərbaycan iqtisadi idarəetmə, korrupsiyaya qarşı mübarizə, ifadə azadlığı sahəsində daha sürətli inkişafa nail olmalıdır. Ona görə də zənnimcə, hər iki tərəf bu məsələlər ətrafında görüşməli və həll yolu tapmalıdırlar. Prezident Əliyevin korrupsiyaya qarşı mübarizəni prioritet saydığı və bu sahədə “ASAN xidmət” nümunəsində uğurların olmasından məlumatlıyam. Biz də təlimlər formasında dəstək göstərməyə davam edirik. Düşünürəm ki, bu, çox müsbət istiqamətdir və korrupsiyaya qarşı mübarizədə uğur qazanılacağına əminəm.

- Diplomatiya sahəsində gələcək planlarınız nədir?

"Parisə qayıdıb bir az məzuniyyət götürmək istəyirəm. Çünki çox intensiv işlədiyim üçün yorğunam".

- Gələcək planlarım deyəndə ilk olaraq Parisə qayıdıb bir az məzuniyyət götürmək istəyirəm. Çünki çox intensiv işlədiyim üçün yorğunam. Fransada səfirlər üçün yenidən səfir kimi fəaliyyəti davam etdirmək üçün müraciət edə biləcəyimiz bir prosedur mövcuddur. Mən də yeni səfir vəzifəsi üçün müraciət edəcəyəm. Hansı ölkə olacağını indidən demək çətindir, çünki proses kifayət qədər mürəkkəbdir. Belə ki, öncə bu barədə arzunu çatdırırsan, nazirlik hər hansı post üçün namizədləri seçir, hökumət tərəfindən qərar verilir, daha sonra isə qarşı ölkənin razılığını almaq lazım olur. Dediyim kimi, kifayət qədər uzun prosesdir. Bir neçə ay vaxt ala bilər. Nə qədər təmkinli olsan, arzuladığın vəzifəyə getmək üçün daha çox şansın olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR