Əhliman Əmiraslanov: “Bu gün elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın”

Əhliman Əmiraslanov: “Bu gün elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın”
# 04 fevral 2016 14:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə əlaqədar hesabat müzakirə edilib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verən bölmənin akademik-katibi Əhliman Əmiraslanov bildirib ki, keçən il Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə birgə tədqiqat işləri aparılıb.

Biologiya və Tibb Elmləri Bölməsi üzrə elmi müəssisələrdə 41 elmi problemə aid 193 mövzu üzrə 445 tədqiqat işi aparılıb, bunlardan 80 mövzu və 181 iş tamamlanıb. 2015-ci ildə 1793 məqalə çap olunub, onlardan 177-si impakt faktorlu jurnallarda işıq üzü görüb. Ə. Əmiraslanov patent almaq üçün 25 iddia sənədi verildiyini, 4-ü xaricdə olmaqla, 5 patentin alındığını nəzərə çatdırıb. Nəbatat bağında Azərbaycanda ilk dəfə olaraq qızılgüllər kolleksiyası yaradılıb.

Ə. Əmiraslanov AMEA-da Kök Hüceyrə Mərkəzinin və ya laboratoriyasının olmamasını Azərbaycanda biologiya və tibb sahəsində böyük çatışmazlıq sayıb: “Biz bu sahədə müəyyən işlər görmüşük. Qrup yaratmışıq, həmin qrup dünyanın bir çox kök hüceyrə mərkəzlərində olub, elmi məqalələr yazıb. Laboratoriya üçün yer də müəyyən olunub, ancaq laboratoriyanın təşkili məsələsində müəyyən problemlər var. Sadə bir laboratoriyadan başlayaq və yavaş-yavaş irəli gedək”.

Müzakirələr zamanı Azərbaycan vətəndaşlarının müalicə üçün yaxın və uzaq xaricə üz tutmasına toxunan Ə. Əmiraslanov bildirib ki, xəstə axını Səhiyyə Nazirliyini də narahat edən məsələdir: “Xəstələrin xarici ölkələrdə müalicə olunması bütün dünyada problemidir. Avropanın imkanı olan xəstələri ABŞ-a, Türkiyənin xəstələri Avropaya gedir. Bir ara kimin başı ağrıyırdı, İrana gedirdi. Sonra gördülər ki, həmin ölkədə həkimlərin səriştəsizliyi səbəbindən nə qədər insanlar şikəst olur, başqa problemlərlə üzləşirlər. Bu gün elə bir patologiya, xəstəlik yoxdur ki, onu Azərbaycanda adekvat müalicə etmək mümkün olmasın. 10-15 il əvvəl Azərbaycanda açıq ürək, orqan transplantasiyası aparılmırdı. İndi bu əməliyyatlar nəinki Bakıda, regionlarda da aparılır. Ancaq biz kiminsə xaricdə müalicə olunmasının qarşısını ala bilmərik. Vəsaiti olan Türkiyədə, Almaniyada, ABŞ-da da müalicə olunur. Bunun qarşısının alınması üçün təbliğat aparılmalıdır. İnsanları başa salmaq lazımdır ki, həmin müalicələr Azərbaycanda da aparılır. Bizim yeganə xilasımız icbari tibbi sığortadır. Manatın devalvasiyası ilə əlaqədar bu məsələ bir qədər də qabarıq üzə çıxır. İndiyə qədər bir çox vətəndaşımızın imkanı var idi ki, xaricdəki xəstəxanalarda müalicə olunsun, yəqin ki, bu müalicə səviyyəsi bir qədər aşağı düşüb. İnanıram ki, bu il icbari tibbi sığorta ilə bağlı müəyyən pilot layihələr həyata keçiriləcək”.

A. Əlizadə Azərbaycanda dərman istehsalının genişləndirilməsinə təkan verəcək elmi-tədqiqat işlərinin aparılmasının zəruri olduğunu vurğulayıb: “Bu elmi-tədqiqat işləri üçün AMEA hər cür dəstək verməyə hazırdır. Azərbaycanda dərman istehsalı sahəsinə diqqət artırılmalıdır. Bilməliyik ki, dərman sənayesinin yaradılması üçün hansı işlər görülməlidir”.

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib və AMEA-nın illik hesabatına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR