“Qalatasaray” rəsmisi: “Cəzanı 1 il müddətinə endirə bildik”

“Qalatasaray” rəsmisi: “Cəzanı 1 il müddətinə endirə bildik”
# 02 mart 2016 13:56 (UTC +04:00)

Bakı – APA. “Bir il müddətinə UEFA-nın bayrağı altında keçirilən yarışlara qatılmaq hüququndan məhrum edildik. Məncə, pis sonluq deyil. Cəzanı 1 il müddətinə endirə bildik”. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu “Qalatasaray” prezidentinin hüquqi işlər üzrə köməkçisi Əşrəf Alaçayır deyib.

“Qalatasaray” maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

Bununla bağlı danışan Alaçayır “Qalatasaray”ın qarşısında duran hədəflərdən söz açıb: “Cəzadan əlavə, bundan sonrakı 2 dönəmdə, xüsusilə, transferlərdə diqqətli olmağımız, əvvəlki qədər pul xərcləməməyimiz kimi şərt irəli sürülüb. “Qalatasaray”ın qarşısında duran vəzifə ya Türkiyə kubokunu qazanıb, ya da çempionatda yuxarı yerlərdən birini tutub, avrokuboklara getməyi təmin etmək, buna rəğmən, getməməkdi. Növbəti il üçün isə maddi durumu düzəldib, çempionluğa oynamaq və Çempionlar Liqasına qatılmaq lazımdı. Əgər ardıcıl 2 mövsümün yekununda Avrokuboka gedə bilməsək, bu cəza ləğv olunacaq. Klublar maddi məsələlərdə diqqətli olmalıdılar. UEFA borca girməklə qurulan komandaların avrokuboklara qatılmasını istəmir. Bu səbəbdən də, müxtəlif yollarla klubların maliyyə durumlarının stabilləşdirilməsinə çalışır”.

UEFA nümayəndələri ilə keçirilən toplantılarda iştirak edən baş katib Fatih İşbecər isə tətbiq edilməsi gözlənilən 1+1 illik cəzanın ləğvini müsbət qiymətləndirib: “Əlavə 1 illik cəzanın aradan qaldırılması bizi sevindirdi. Bunu çox yaxşı dəyərləndirməliyik. Bu mövsüm Avrokuboka vəsiqə qazanıb, cəzamızı çəkməliyik. Bir il sonra isə yenidən Çempionlar Liqasında oynamağın planlarını qururuq. Bədbinliyə ehtiyac yoxdu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR