Tərtərin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirən yol əsaslı təmir olunur

Tərtərin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirən yol əsaslı təmir olunur
# 11 aprel 2016 14:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3,2 kilometrdir. Sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7,5 - 13 metr arası dəyişir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa su ötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.

Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31 200 kvadrat metr sahənin asfaltlanması nəzərdə tutulub.

Tikinti işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR