“Azərsu” Barselonada təlim keçmiş əməkdaşlarına sertifikatlar təqdim edib

“Azərsu” Barselonada təlim keçmiş əməkdaşlarına sertifikatlar təqdim edib
# 21 oktyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC ilə “Suez Environnement” şirkəti arasında bağlanmış "Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə" çərçivəsində təşkil olunmuş təlimlərin iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, cəmiyyət sədrinin birinci müavini Teyyub Cabbarov mərasimdə çıxış edərək bildirib ki, Səhmdar Cəmiyyətin fəaliyyətində qabaqcıl texnologiyaların və müasir idarəetmə sistemlərinin tətbiqi prioritet təşkil edir. Bütün bunlar nəzərə alınaraq cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilir. Gələcəkdə tədris prosesinin effektivliyinin artırılması, xarici təlimçilərdən asılılığın azaldılması üçün daxili təlimçi bazasının formalaşdırılmasına ehtiyac var. Bu baxımdan “Suez Environnement” şirkəti ilə əməkdaşlıq böyük fayda verəcək.

“Suez Environnement” şirkətinin Beynəlxalq inkişaf üzrə prezidenti Erik Gebali təlimlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər “Azərsu” ASC-nin gələcək fəaliyyətinə töhfələr verəcək.

Daha sonra daxili təlim kursunu başa vurmuş və İspaniyanın Barselona şəhərində keçirilmiş təlimlərdə iştirak etmiş əməkdaşlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində 34 peşə və ixtisas üzrə 4 500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR