"Azneft" ilin əvvəlindən 3 mln. ton neft hasil edib

"Azneft" ilin əvvəlindən 3 mln. ton neft hasil edib
# 11 iyul 2016 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin bütün idarə və struktur birləşmələrində böyük işlər görülüb.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri, eləcə də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində, bütün sahələr üzrə kompleks tədbirlər görülüb.

“Azneft”in kollektivi 2016-cı ilin yanvar-iyun ayları ərzində əzmlə çalışaraq ölkənin yanacaq-energetika kompleksinin inkişafına öz töhfəsini verib. Birliyin kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb.

Ümumilikdə bu ilin altı ayında uğurlu nəticələr əldə edilib, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub. 2016-cı ilin altı ayı ərzində “Azneft” üzrə 3 mln. 133 min ton neft hasil edilib.

“Abşeronneft” və Ə.C.Əmirov adına neft və qazçıxarma idarələri üzrə göstəricilər plana görə daha yüksək olub. Belə ki, yanvar-iyun aylarında adı çəkilən idarələrin kollektivləri neft hasilatı üzrə proqnoz tapşırıqlarını müvafiq olaraq 114,6% və 109,3% yerinə yetiriblər.

Bu ilin altı ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 2,78 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 2,84 mlrd. kubmetrə bərabər olub. Plan 102,3% yerinə yetirilib. “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatında aparıcı yerləri “28 May”, N. Nərimanov adına neft və qazçıxarma idarələri tuturlar.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. İlin ilk altı ayı ərzində “Azneft”in sifarişi əsasında 27 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 32,3 min ton neft hasil edilib.

Ötən altı ayda fəaliyyətsiz quyu fondundan 63 quyu istismara qaytarılıb. Bu quyulardan 7,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 18,8 min ton neft alınıb ki, bu da plandan 11,6 min ton çoxdur.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 318 geoloji tədbir keçirilib, nəticədə 67,6 min ton neft hasil edilib ki, bu da plana qarşı 36 tədbir çox və 8,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 20,5 min ton plana qarşı 26,6 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR