Lizinq şirkəti: Dövlət sahibkarlığın inkişafı üçün bizə maliyyə vəsaiti ayırmalıdır

Lizinq şirkəti: Dövlət sahibkarlığın inkişafı üçün bizə maliyyə vəsaiti ayırmalıdır
# 21 oktyabr 2015 10:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Dövlət kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün lizinq şirkətlərinə maliyyə vəsaiti ayırmalıdır".

APA-Economics”in verdiyi xəbərə görə, bunu "MCB Lizinq" şirkətinin İdarə Heyətinin sədri Rəmal Cəfərov deyib.

Onun sözlərinə görə, əgər dövlət tərəfindən maliyyə dəstəyi verilərsə, lizinq fəaliyyəti qısa müddətdə çox sürətlə inkişaf edər. “Təklif edərdim ki, lizinq şirkətlərinə maliyyə vəsaitləri ayrılsın, dövlətin KOS müştərilərinin inkişafına ayırdığı maliyyə resurslarının istifadəsində lizinq şirkətləri də iştirak etsin. Bu gün lizinq şirkətlərinin ən böyük problemlərdən biri maliyyə vəsaitinin cəlb edilməsidir. Düzdür, ötən 5 ildə biz bu sahədə müəyyən nailiyyətlər əldə etmişik, xarici bankdan 5 milyon dollar, yerli bank və sığorta şirkətlərindən 4 milyon manata yaxın vəsait cəlb olunub. Beynəlxalq Maliyyə Korporasiyasından 3 milyon dollar həcmində vəsaitin cəlb olunması ilə bağlı razılıq əldə edilib. Xarici səhmdar bankımız bu günə qədər 2 milyon dollar həcmində kapital qoyuluşu həyata keçirib və bu yaxınlarda əlavə 2,5 milyon dollar kapital qoyuluşu barədə qərar verib. Bütün bu vəsaitlərin demək olar ki, hamısı KOS müştərilərinin maliyyələşməsinə sərf edilib. Lakin bazarın təhlili göstərir ki, KOS müştərilərin ehtiyaclarını qarşılamaq üçün daha çox vəsaitə ehtiyac duyulur”, - deyə sədr qeyd edib.

R. Cəfərov onu da əlavə edib ki, əgər dövlət tərəfindən maliyyə dəstəyi verilərsə, vergi sistemində güzəştlər, xüsusən ödənilmiş ƏDV-ni əvəzləşdirmək imkanı, gömrük rəsmiləşməsində ölkəyə gətirilən lizinq obyektlərinin idxal vergisindən (rüsumundan) azad edilməsi və ya güzəştlərin tətbiqi, həmçinin lizinq obyektinin elektron və rahat qaydada qeydiyyatı ilə bağı imkanlar yaradılarsa, lizinq fəaliyyəti qısa müddətdə çox sürətlə inkişaf edər. Bu da öz növbəsində KOS müştərilərinin lizinq xidmətinə çıxışını asanlaşdırar və nəticədə ölkəmizdə sağlam, rəqabətli KOS müştərilərin yaranmasına şərait yaradan əsas amillərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR