Azərbaycanda sıxılmış təbii qaz YDM-nin standartı təsdiqlənib

Azərbaycanda sıxılmış təbii qaz YDM-nin standartı təsdiqlənib
# 07 dekabr 2015 10:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyası “AZS 859-2015 (ISO/DIS 16923.2:2015) "Təbii qaz yanacaq doldurma məntəqələri - Sıxılmış təbii qazla (STQ) işləyən nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqələri" dövlət standartını təsdiq edib.

APA məlumatına görə, bu dövlət standartı dekabr ayından qüvvəyə minib.

STQ yanacaqdoldurma məntəqəsinin (YDM) xarici sərhədi minimum 5 metr olmalıdır. STQ YDM xarici sərhədindən başlayaraq yaşayış binasından minimum 10 metr uzaqlıqda olmalıdır. STQ YDM ümumi yollar və piyada keçidlərindən minimum 5 metr uzaqlıqda yerləşməlidir. Nəqliyyatla toqquşma riski daşıyan bütün STQ avadanlıqları toqquşma zamanı qaz avadanlıqlarının zədələnməməsi üçün çəpər (maneə) və ya digər mexanizmlərlə təchiz olunmalıdırlar. İstənilən təhlükəsizlik perimetri (hasar, divar və s.) yanmayan, oda davamlı və ya özüsönən materiallardan, ən azı 1,5 metr hündürlükdə quraşdırılmalıdır.

Təbii qazla işləyən nəqliyyat vasitəsinə vurulan təbii qaza yerli qazpaylayıcı sistemdə nəzərdə tutulduğu dərəcədə odorant maddəsi (aşağı alışma həddindən də az konsentrasiyada qazın sızmasını xəbərdar edə biləcək fərqləndirici kəskin iyli orqanik kimyəvi preparat və ya aşağı konsentrasiyada təbii qaza əlavə edilən kimyəvi maddələrdən ibarət birləşmədir) əlavə olunmalıdır. Əgər qaza odorant vurulması tələblərə cavab verməsə, sıxılmış təbii qaz əsasında işləyən və yerindəcə odorant vurulmasını icra edən YDM-də STQ-nin dispenserlə vurulmasını avtomatik və tam dayandırmaq üçün müvafiq təhlükəsizlik tədbirləri mövcud olmalıdır. Hər bir yanacaqdoldurma xortumunun yaxınlığında minimum 25 mm ölçüdə hərflərlə yazılmış və ümumi qəbul edilmiş “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və “ALIŞDIRICIDAN İSTİFADƏ QADAĞANDIR” xəbərdaredici işarələri və ya 100 mm diametrə malik “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və “ALIŞDIRICIDAN İSTİFADƏ QADAĞANDIR” yazıları üçün beynəlxalq səviyyədə qəbul olunmuş şərti işarələr asılmalıdır.

Avtomobillərə sürətli yanacaq doldurma əməliyyatı (tipik) zamanı mobil telefonlar, elektrik cihazları, avtomobilin mühərriki söndürülməlidir. Yavaş yanacaq doldurma əməliyyatı zamanı isə avtomobilin mühərriki söndürülməlidir. Doldurma tamamlananda doldurma başlığını ehtiyatla ayırmaq lazımdır, çünki bu vaxt doldurma başlığından az miqdarda qaz axması baş verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR