Xələf Xələfov Kolumbiya XİN rəsmisini qəbul edib

Xələf Xələfov Kolumbiya XİN rəsmisini qəbul edib
# 01 sentyabr 2016 15:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Gillermo Kastro Benettini qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olunub.

Görüş zamanı X. Xələfov Azərbaycan və Kolumbiya arasında energetika, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın olduğunu qeyd edərək qarşılıqlı təmasların artırılmasının vacibliyini önə çəkib.

Naziri müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verib, münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu, eləcə də regionun inkişafına maneələr yaratdığını deyərək, münaqişənin həllinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu vurğulayıb. X. Xələfov Kolumbiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

X. Benetti isə Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini bildirərək, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR