Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə bağlı reydlərə başlayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə bağlı reydlərə başlayıb
# 23 sentyabr 2015 09:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Qurban bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavinin başçılığı altında Bakı şəhərindəki ayrı-ayrı kəsim yerlərində reydlər keçirilir.

DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, heyvanların sənədlərlə qəbulu, onların saxlanması və kəsimi zamanı baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması istiqamətində nəzarət tədbirləri həyata keçirilir. O deyib ki, DBNX-nin mütəxəssisləri Bakı şəhərində və respublikanın digər rayonlarında heyvanların kütləvi halda kəsildikləri ərazilərə təhkim olunublar.

Y. Xanvəli qeyd edib ki, reydlər zamanı hər hansı neqativ hal qeydə alınmayıb: “Çox güman ki, neqativ hal kütləvi axın olanda baş verə bilər. Heç şübhəsiz neqativ hal olacağı təqdirdə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndini rəhbər tutaraq əvvəlcə xəbərdarlıq ediləcək, sonra isə cərimə tətbiq edilməklə protokol tərtib olunacaq. İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin 20-25 manat, hüquqi şəxslərin isə 100-150 manat həddində cərimə olunması əksini tapıb”.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR