Süleyman Kələşov: "Mikromaliyyə təşkilatlarının kredit portfeli 1 milyard dolları ötüb"

Süleyman Kələşov: "Mikromaliyyə təşkilatlarının kredit portfeli 1 milyard dolları ötüb"
# 09 oktyabr 2015 06:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) "Məsuliyyətli Mikromaliyyəyə aparan yol" adlı İnvestorlar yarmarkası təşkil edib.

"APA-Economics"in məlumatına görə, AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib ki, yarmarkanın məqsədi üzvlər - mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar, donorlar və xidmət təminatçıları arasında əlaqənin yaradılması və bügünkü rəqabətli bazarda məsuliyyətli maliyyələşmə istiqamətində qabaqcıl təcrübə və yanaşmaların paylaşılması, eləcə də investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlığın yaradılmasıdır.

J. Hacıyeva qeyd edib ki, hazırda mikromaliyyə təşkilatlarının borclanma səviyyəsində problemləri olsa da, bu istiqamətdə innovativ tədbirlər davam etdirilir.

AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, son illərdə Azərbaycan iqtisadiyyatı, neft və qeyri-neft sektoru dinamik inkişaf edir. Onun sözlərinə görə, bu inkişaf mikromaliyyə təşkilatlarının işinə müsbət təsir edib: "Hazırda ölkədə 48 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Əgər 17 il əvvəl mikromaliyyə təşkilatlarının kredit portfeli 12,5 milyon dollar idisə, indi bu rəqəm 1 milyard dolları ötüb".

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hazırda qlobal maliyyə böhranı şəraitində mikromaliyyənin rolu artır. Onun sözlərinə görə, ölkədə mikromaliyyə prosesi dinamik inkişaf edir, mikromaliyyənin əhatə dairəsi genişlənir.

Qeyd edək ki, yarmarkanın ilk hissəsi “İnnovativ məhsullar və bazar tədqiqatı”na həsr edilmiş iki plenar sessiyadan təşkil olunub və burada müştərilərin spesifik bazar seqmentində nəyə ehtiyacları olması müzakirə edilib. Növbəti “Paralel borclanma və artıq borclanma” sessiyasında bazarda artan borclanmanın qarşısının alınması üzrə yollar ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR