Elin Süleymanov: "ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına ehtiyac var"

Elin Süleymanov: "ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına ehtiyac var"
# 22 mart 2016 07:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Vaşinqtonda Amerikanın ən nüfuzlu yəhudi diaspor təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2016-ci il üçün siyasi konfransı keçirilir. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konfrans çərçivəsində Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub.

AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edərək Azərbaycan və ABŞ arasında əlaqələrdən danışıb, iki ölkənin enerji və radikalizmlə mübarizə sahəsində yaxın tərəfdaşlıq münasibətlərin malik olduğunu və ABŞ-ın regionun enerji layihələrinə dəstəyinin əhəmiyyətini qeyd edib. Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bildirib.

Müsəlman şərqində ilk respublikanın Azərbaycanda təsis edildiyini və qadınlara seçki hüququnun hətta ABŞ-dan əvvəl ölkəmizdə reallaşdırıldığını qeyd edən diplomat bu gün Azərbaycanın proqressiv müsəlman dövləti olaraq inkişafı və tolerantlıq nümunəsinə çevrilməsinin məhz ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu qeyd edib. Səfir dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.

Azərbaycanla İsrail arasında olan tərəfdaşlığın ölkəmizin praqmatik siyasətinin və mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu söyləyən səfir iki ölkə arasında iqtisadi, humanitar və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, habelə bu tərəfdaşlığı Azərbaycan və yəhudi xalqlarının uzun əsrlər boyu davam edən dostluğuna söykəndiyini bildirib.

Natiqlərin çıxışlarından sonra təşkil edilmiş sual-cavab sessiyasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslər və regional təhlükəsizlik çağırışları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Martın 22-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən iyirmi mindən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-ə yaxın üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak ediblər. Konfransda ABŞ vitse-prezidenti Cozef Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayn, 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürmüş sabiq dövlət katibi Hillari Klinton, Texas ştatından olan senator Ted Kruz, biznesmen Donald Tramp, Con Keysik və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR