Əli Rəsul Usul: “Azərbaycan Avrasiyanın mərkəzində parlayan bir ulduza çevrilib”

Əli Rəsul Usul: “Azərbaycan Avrasiyanın mərkəzində parlayan bir ulduza çevrilib”
# 07 oktyabr 2016 11:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan siyasi sabitlik simvoludur”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda söyləyib. O bildirib ki, şərqlə qərb, Avropa ilə Asiya arasında yerləşən Azərbaycan möcüzəsi Türkiyəni sevindirir: “Ərazisinin bir hissəsi işğal altında olmasına baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb. Azərbaycan yaxşı fəaliyyət göstərən demokratik strukturlara malikdir. Azərbaycan türkləri ilk dəfə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə cümhuriyyət yaratmağa nail olublar”.

Ə. R. Usul qeyd edib ki, Türkiyə Azərbaycanla münasibətlərə böyük önəm verir, “bir millət, iki dövlət” prinsipi ilə münasibətlər qurulub: “Daha güclü Azərbaycan daha güclü Türkiyə deməkdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və 7 rayonunu işğal edib. Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Türkiyə və Azərbaycan regionda sabitliyə nail olmağa çalışır və bu münasibətlərdən qonşu dövlətlər də yararlanır. Atatürk “yurdda sülh, cahanda sülh” şüarı ilə çıxış edib. Hesab edirəm ki, Azərbaycan da bu prinsipi bölüşür. Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan münaqişənin diplomatik yolla həllini dəstəkləyir. Eyni zamanda, Azərbaycan güclü ordu yaratmağa nail olub. Rusiya və İranla da yaxşı münasibətlər qurub. Azərbaycan dünyəvi ölkədir, mötədil inkişafın tərəfdarıdır. Türkiyə və Azərbaycan Avrasiyada təhlükəsizlik mənbələridir və bu, qlobal siyasət üçün faydalıdır, qlobal gərginliyin qarşısını alır. Azərbaycan və Türkiyə böyük dövlətlər arasında gərginliyin azaldılmasına xidmət edə bilər”.

Qonaq iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələrin səviyyəsindən müəyyən qədər geri qaldığını vurğulayıb: “İqtisadi, siyasi, elmi əməkdaşlığı təşviq etməliyik. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycan 25 il ərzində Avrasiyanın mərkəzində parlayan bir ulduza çevrilib və gələcəyi də parlaqdır. Türkiyə və Azərbaycanın qardaşlığı daimidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR