Mehriban Əliyeva BMT baş katibinin müavini ilə görüşüb

Mehriban Əliyeva BMT baş katibinin müavini ilə görüşüb
# 12 noyabr 2015 15:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, görüşdə M. Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Azərbaycanın birinci xanımı bildirib ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar.

“Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib” deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirib.

Müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyini vurğulayan M. Əliyeva məişət zorakılığına son qoyulması üçün ölkəmizdə görülən işlərdən danışıb. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan M. Əliyeva ölkəmizdə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söyləyib.

Azərbaycanın birinci xanımı B. Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğulayıb və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu deyib.

Səmimi görüşə görə minnətdarlığını bildirən B. Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söyləyib. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini vurğulayıb.

Görüşün sonunda B. Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nın Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini M. Əliyevaya təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR